Uşaqlar üçün sosial xidmət müəssisəsində tədbir təşkil olunub

post-img

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Sosial Xidmətlər Agentliyinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün 1 saylı sosial xidmət müəssisəsində tədbir keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-ə verilən məlumata görə, tədbirdə həmin müəssisə ilə yanaşı, Agentliyin Uşaq evi sosial xidmət müəssisələrinin uşaqları və Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin azyaşlı benefisiarları iştirak ediblər.

Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların dövlət qayğısı ilə əhatə olunması, reabilitasiyası və sosial xidmətlərlə təminatı sahəsində aparılan işləri qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti həssas kateqoriyadan olan uşaqların da sosial təminatının gücləndirilməsinə şərait yaradıb. Həmin uşaqlar sosial dəstək tədbirləri ilə əhatə olunublar. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin mühüm bir hissəsi də məhz uşaqların sağlam, firavan böyüməsi, gələcəklərinin tam təmin olunmasına xidmət edir.

Tədbir zamanı həssas kateqoriyadan olan uşaqlar üçün müxtəlif əyləncəli oyunlar, master-klaslar təşkil olunub. Rəngarəng görüntülərlə yadda qalan tədbir uşaqlarda xoş təəssüratlar yaradıb.

















Sosial həyat