Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Şəki şəhərində inklüziv sosial-mədəni tədbir keçirilib.
“Birgə Gün” adlanan tədbirdə uşaq evinin azyaşlı sakinləri, evdə (səyyar) sosial xidmət göstərilən ahıllar, əlilliyi olan şəxslər və həssas kateqoriyadan olan digər vətəndaşlar iştirak ediblər.
Agentlikdən bildirilib ki, tədbirdə uşaqların əl işlərindən ibarət sərgi, ahılların və uşaqların birgə iştirak etdiyi kulinariya və sənətkarlıq nümunələri, canlı musiqi və rəqs çıxışları təqdim olunub. Əlilliyi olan şəxslərin, ahılların və uşaqların birgə ifaları isə tədbirə xüsusi rəng qatıb.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov çıxışında tədbirin həm inklüzivlik, həm də həmrəylik baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini Elman İmamverdiyev tədbirin həssas qruplardan olan şəxslərin asudə vaxtlarını səmərəli və faydalı keçirməsi, eləcə də onların cəmiyyətə inteqrasiyasında rolunu vurğulayıb.
“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda yerləşən “Yuxarı Karvansaray” mehmanxana kompleksində təşkil olunan tədbir çərçivəsində samovar çayı süfrəsi ətrafında aparılan söhbətlər tədbirin ən yadda qalan məqamlarından olub. Ahıllarla uşaqların tədbir zamanı birgə hazırladığı əl işləri qonaqlar tərəfindən maraqla qarşılanıb.