Bakıda beynəlxalq fotomüsabiqə

post-img

Dünən Bakıda “Gilavar Foto Klubu” ictimai birliyinin təşəbbüsü ilə 8-ci “Azərbaycan Foto Salon 2025” adlı beynəlxalq fotomüsabiqə başlanıb. Bu barədə XQ-yə İB-nin idarə heyətinin sədri Rəşad Mehdiyev məlumat verib.

Bildirib ki, Beynəlxalq Foto Sənəti Federasiyası və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının dəstəyi ilə keçirilən tədbirin məqsədi istedadlı fotoqrafları üzə çıxarmaqla bərabər, onların beynəlxalq fotomüsabiqələrdə iştirak etmələri üçün şərait yaratmaqdır.

Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və mənzərə mövzuları üzrə təqdim olunan fotolar Serbiya, Türkiyə və Kiprdən olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılacaq.

www.salon.gilavar.net saytı vasitəsi ilə də dünyanın müxtəlif ölkələrindən peşəkar və həvəskar fotoqraflar müsabiqədə iştirak edə bilərlər. Qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Müsabiqə iyulun sonuna qədər davam edəcək. Nəticələr isə avqust ayının sonuna qədər açıqlanacaq.

Qeyd edək ki, son illərdə “Gilavar Foto Klubu” 20-dən artıq fotomüsabiqə keçirib.

Fidan SALMANOVA
XQ

Sosial həyat