"Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VIII Beynəlxalq konfrans keçirilib

post-img

Mayın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” VIII Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Öncə beynəlxalq tələbə himni olan “Gaurdeamus” oxunub. ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını salamlayaraq qeyd edib ki, ənənəvi şəkildə hər il ADU-da Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” VIII Beynəlxalq elmi konfransın əhəmiyyətindən danışan rektor bildirib ki, konfransa maraq böyükdür:
“Beynəlxalq elmi konfransa dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrindən olan elm, mədəniyyət, ictimaiyyət nümayəndələri qatılıb.

Konfransa maraq böyükdür. Konfrans çərçivəsində bir sıra universitetlərlə müqavilələr imzalanacaq. Bu, beynəlxalq əməkdaşlıq çərçivəsində mühüm əhəmiyyət daşıyır. Həmçinin bu görüşlər gələcəkdə yeni elmi əməkdaşlıq üçün əlverişli şəraitin yaranmasına imkan verəcək. ADU-nun son illər beynəlxalq nüfuzunun artması QS reytinqlər cədvəlində də əyani şəkildə özünü göstərir. Belə ki, ADU bu il QS reytinqlər cədvəlində yüz pillə irəliləməyi bacarıb. Bu, böyük uğurdur. Konfrans çərçivəsində bir sıra layihələr həyata keçiriləcək, müəllim-tələbə mübadilə proqramları ilə bağlı müzakirələr aparılacaq. Ulu öndər Heydər Əliyevin işığı bu gün də bizimlədir. Konfransda iştirak edən bütün iştirakçılara öz təşəkkürümüzü bildiririk”.

Sonra Ankara Universitetinin rektoru Necdet Ünüvar çıxış edərək konfransın təşkilini yüksək qiymətləndirib. Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən rektor bildirib ki, konfrans özündə böyük bir mənanı əks etdirir: “Bu mənanın ətrafında sevgi ilə birləşən Azərbaycan Dillər Universiteti və bütün konfrans iştirakçıları son dərəcə mühüm bir missiyanı uğurla həyata keçirirlər. Ankara Universiteti ilə ADU arasında beynəlxalq əməkdaşlıq çərçivəsində bir sıra görüşlər keçirilib. Bu görüşlər əsasən elmi əməkdaşlıq və dostluq münasibətlərini özündə ehtiva edir”.

İlk dəfə olaraq ADU-da açılacaq Tömər layihəsi ilə bağlı məlumat verən rektor bu addımın konfrans çərçivəsində atılan ən vacib hadisələrdən biri olduğunu vurğulayıb.

Pakistan Milli Müasir Dillər Universitetinin rektoru, general-mayor Şahid Mahmud Kayani konfransda iştirakı ilə bağlı məmnunluğunu ifadə edib. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan konfrans son dərəcə mühüm əhəmiyyətə malikdir. Qarşılıqlı elmi əməkdaşlığın və tərəfdaşlığın önəmindən danışan rektor konfransın gələcək elmi görüşlərin keçirilməsi üçün yaratdığı imkanlardan söz açıb.

Peruca Əcnəbilər Universitetinin rektoru Valerio de Cesaris qeyd edib ki, konfrans özlüyündə həm elmi, həm də mədəni tərəfləri birləşdirir. Azərbaycan və İtaliya arasında sıx tərəfdaşlıq və dostluq münasibətləri mövcuddur. Bu əlaqələrin inkişafı özünü elmi istiqamətdə də göstərməkdədir.

Tədbirə onlayn qoşulan Almaniyanın Auqsburq Universitetinin professoru Klaus Vulf konfransla bağlı fikirlərini səsləndirib. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı keçirilən konfrans öz əhəmiyyəti ilə seçilir. Dünyanın bir sıra ölkələrindən olan alimlər, tələbələr bu konfransda iştirak etmək üçün ciddi şəkildə hazırlaşıblar. 

Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin Azərbaycan və Pakistan arasında olan sıx iqtisadi, siyasi, elmi və mədəni əlaqələrdən danışıb, konfransı elm adamları və tələbələr üçün mühüm imkan kimi dəyərləndirib.

Konfransda Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Özbəkistan Dünyəvi Dillər Universiteti, Pedaqogika və psixologiya kafedrasının müdiri Dusmurod Djuraev, Özbəkistan-Finlandiya Pedaqoji İnstitutunun Tədris İşləri üzrə prorektoru Zarifa Muminova, Azərbaycan Katolik Kilsəsinin Apostol Prefekturasının sədr müavini Marek Jozey, Varşava Universitetinin  professoru  Danuta Chmelovskaya, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Yuriyeviç Smirnov, Arizona Dövlət Universitetinin məsləhətçisi və ictimai siyasət eksperti Jannah Scott, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili konfransa olan beynəlxalq səviyyəli maraqdan və  Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açıblar. 
 Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Anar TURAN,
XQ









Sosial həyat