Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsü ilə Gürcüstanda yaşayan soydaşlarımız üçün iftar mərasimləri təşkil ediləcək. İftar mərasimlərinin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimizn təbliği, soydaşlarımız arasında birliyin möhkəmləndirilməsinə, onların Azərbaycanla mənəvi bağlarının gücləndirilməsinə töhfə verməkdir.
Rustavi şəhərində planlaşdırılan iftar mərasimi martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən keçiriləcək.
Tbilisi şəhərində iftar mərasimi martın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Gürcüstandakı Səfirliyi və Komitənin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təşkil olunacaq.
İftar mərasimlərində iştirak etmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 16-da Gürcüstana səfər edəcək. Səfər çərçivəsində Gürcüstanın aidiyyəti dövlət orqanları və dini təşkilatlarının rəhbərləri ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələrin aparılması, dini qurumların təmsilçiləri və azərbaycanlı din xadimləri ilə görüşlərin keçirilməsi də nəzərdə tutulur.