Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti prof. Orxan Aydınla görüşüb.
Əvvəlcə Şahin Mustafayev Orxan Aydını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
Görüş zamanı mövcud əməkdaşlığın genişləndirilməsinin, eləcə də elm, texnologiya və davamlı inkişaf kimi mühüm sahələrdə başlanmış layihələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Bundan əlavə, 2025-ci il üçün birgə layihələrin həyata keçirilməsi və tədbirlərin təşkili planları müzakirə olunub.
Görüşün sonunda iki qurum arasında davamlı səmərəli əməkdaşlığa sadiqlik rəmzi kimi kitab mübadiləsi aparılıb.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının 2023-cü ildə Astanada keçirilən sammitində Türk Akademiyasının fəaliyyət sahələrinin genişləndirilməsi ilə bağlı qərar təsdiq edilib. Akademiya humanitar sahələrlə yanaşı, həm də türk ölkələri arasında təbiət elmləri və texnologiya sahələrində elmi inteqrasiyanın əlaqələndirilməsi istiqamətində işlərə başlayıb.