Lefortovodan  “xüsusi məktub”

post-img

“Qanlı Yanvar” hadisələrinin 35 illiyi ərəfəsində həmin gün Bakının küçələrində qaniçən sovet ordusunun gülləbaran etdiyi şəhidlər, yaralananlar və digər zərərdidələr ehtiramla yad olunur. Azadlıq mücadiləsi fəallarından olan tanınmış şair Xəlil Rza Ulutürk də bu sıradadır. 

SSRİ-nin iflası ərəfəsində həyata keçirilən cəza aktı – 20 yanvar faciəsi zamanı Xəlil Rza imperiya qüvvələri tərəfindən həbs olunaraq, bir müddət Moskvanın Lefortovo həbsxanasında saxlanıb və 1991-ci ildə azad edilib. (Yeri gəlmişkən yada salaq ki, istiqlal şairinin oğlu Təbriz 1992-ci ilin yanvarında Birinci Qarabağ müharibəsində həlak olub və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Xəlil Rza isə müstəqillik dövrünün ən nüfuzlu ziyalılarından biri kimi “İstiqlal” ordeninə və Xalq şairi fəxri adına layiq görülüb).

Xəlil Rza həbsxanada olmasına baxmayaraq, imperiyaya boyun əymir, qələmi ilə mübarizəsini davam etdirirdi. Fevral ayının ortalarında həbsdə ikən bir televiziya müxbirinə verdiyi müsahibə telekanallarda yayımlandıqdan sonra yaxınları ondan xəbər tutmuşdular. Şair həbsxanada 8 ay 13 gün keçirib və orada 200-dən çox şeir, məktub və məqalədən ibarət olan “Lefortovo Gündəliyi”ni qələmə alıb. 

Xatırlayırıq ki, şairin həbsdən azad edilməsi məqsədilə Bakıda imzatoplama kampaniyası başlanılmış və bu kampaniya üçün Xəlil Rzanın evinin qarşısında çadır qurulmuşdu. İnsanlar “Xalqın şairinə azadlıq” yazıları ilə küçə yürüşləri edirdilər. Xəlilsevər soydaşlarımız, eləcə də rus, qazax, gürcü, özbək, türkmən yazıçı və şairlərinin – 2 milyondan çox insanın imzaladığı müraciətləri onun həyat yoldaşı Firəngiz xanım Moskvada DTK sədri 
Kryuçkova verib. 

Şair-publisist Zabil Pərvizin redaksiyamıza göndərdiyi xatirə qeydlərində də elə Xəlil Rzanın Lefortovodan yazdığı bir məktub iftixarla xatırlanır. O yazır: “Əfsanəvi istiqlal şairi Xəlil Rza Ulutürklə mənim tanışlığım və bir ömür münasibətimiz gözəl, əlvan bir romanı xatırladır...  1970-ci ilin payızı idi. 1-ci kursda oxuyur, tələbə yataqxanasında qalırdım. Tələbələrin içinə səs-küy düşmüşdü ki, Xəlil Rza görüşə gələcək. Bu həmin Xəlil Rza idi ki, bir il əvvəl bu ali məktəbdən uzaqlaşdırılmış, dərs demək hüququ əlindən alınmış, ədəbi dərnəklərə belə rəhbərlik etməsinə icazə verilmirdi. İttiham isə ciddi idi. Xəlil Rza marksizm-leninizm prinsiplərindən uzaq düşərək, gənclərin beynini antisovet fikirlərlə zəhərləyirmiş. 

Yataqxananın uçuq-sökük oxu zalında iynə atsaydın, yerə düşməzdi. Xəlil bəy bir dəstə cavan şairlə görüşə gəlmişdi. O, özü də cavan idi. 37 yaşı var idi. Qara kostyumlu, ağ köynəkli, qara qalstuklu, yaraşıqlı, gənc bir kişi idi. Ağzından od tökülürdü. Hər cümləsindən azadlığa, müstəqilliyə çağırış saçılırdı. Mən arxada oturmuşdum. Tələbə yoldaşlarımdan biri Xəlil bəyə kiçik bir kağız göndərdi və ondan xahiş etdi ki, kiçik bir çıxış üçün mənə də söz versin. Xəlil bəy böyük coşqu və məhəbbətlə məni söz kürsüsünə dəvət etdi. Təbiət və məhəbbət mövzusunda iki şeir oxudum. Xəlil bəyin dodaqlarından güllə kimi iki kəlmə qopdu: – Alqış, igid! Eşq olsun bu dünyanın Zabil Pərviz zirvəsinə! And olsun bu dünyanın Zabil Pərviz zirvəsinə! 

Çaşıb qaldım. Mən nə etmişdim ki?! Sonradan başa düşdüm ki, Xəlil bəy mənim belimə Misri qılınc bağlayırmış. Görüşlərimiz davam etdi. Akademiyada, onun iş yerində, Əli Bayramov, indiki Təbriz Xəlilbəyli küçəsindəki mənzilində, Türkandakı bağ evində, doğulduğu Pirəbbə kəndindəki baba yurdunda, mənim ata yurdum Qaçaqkənddə... Sonradan Xəlil bəy məni özü ilə çox məclislərə apardı, dostları və iş yoldaşları ilə tanış etdi. 1973-cü ildə mənə “Uğurlu yol” yazdı və “Bakı” qəzetinə aparıb, yaxın dostu olan baş redaktor, görkəmli jurnalist Nəsir İmanquliyevlə tanış etdi və şəklim, iki şeirim, haqqımda kiçik təqdimatla bütün ölkədə tanıtdı. Üstündən illər keçdi. Xəlil bəy yaradıcılığım haqqında “Kürlə Xəzər qovşağında” adlı böyük bir məqalə yazdı. Və nəhayət,  Yazıçılar İttifaqına üzv olmaq üçün mənə zəmanət verdi... 

Zabil Pərviz daha sonra yazır: “Xəlil bəy hətta Moskvada həbsdə olarkən belə məni unutmadı. 1990-cı il mart ayının 2-də Lefortovodan ömür-gün yoldaşı Firəngiz xanıma yazdığı xüsusi məktubda mənə də salam göndərmişdi. DTK nəzarəti güclü olduğu üçün rusca yazmağa məcbur olduğu həmin məktubun qısa məzmunu belə idi: “Как наши родственники и друзья: Табриз, Севиндж, Рза... Соратники по перу: устад Исмаил Шихлы, Иса Гусейн Муганна, Анар… Сохраб Тахир, Мамед Араз, Забил Первиз, Бахтияр Вагаб, Барат Вусал?.. Разве я в силах всех перечислить и всех обнять?”

Üstündən illər keçir. Xəlil Rza Ulütürk idealları, arzuları gözlərimiz qarşısında reallaşır. Zaman bizim xeyrimizə işləyir. Artıq Türk Dövlətləri Təşkilatı yaranıb, böyük Turanın təməli qoyulub, Azərbaycan qüdrətli, qalib dövlətə çevrilib və bizi “Azadlığı istəmirəm zərrə-zərrə, qram-
qram! Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!” – deyən Xəlil bəyin arzuladığı parlaq gələcəyə doğru aparır.

Əli NƏCƏFXANLI
 XQ



Sosial həyat