Son illərədək “sağlam insan gün ərzində 2 yumurta yeməlidir”– deyən həkimlər son illər yumurtanı, az qala, düşmən qidalar siyahısına salıblar.
İndi çox ailələrdə yumurtanı ancaq uşaqların səhər yeməyinə daxil edirlər. Hətta elə gənc insanlar var ki, aylarla qaynadılmış yumurta yemir. Bəs yumurtasız orqanizmdə nələr baş verir?
Endokrinoloq Nataliya Antonova jurnalistlərlə görüşündə yumurtadan imtinanın nə kimi nəticələr verəcəyini belə açıqlayıb.
– Yumurta həmişə vacib mineral, zülal, yağ turşusu mənbəyi olub. İnsanı kökəltmir, pəhriz yeməkləri sırasına daxildir. Əgər insan yumurtadan tam imtina edərsə, beyini və sinir sistemini vacib A, E, D, B vitaminlərindən məhrum etmiş olur.
Eləcə də yumurta kalsium, sink, fosfor, fol turşusu, betain və xolin mənbəyidir. Bunlar isə şəkər xəstəliyinə qarşıdır, damar və ürək sağlamlığı üçün vacibdir.
Həkim görüşün sonunda imkan daxilində yumurtadan imtina etməməyi, az da olsa, həftədə 2–3 dəfə də olsa yeməyi tövsiyə edib. Deyib ki, D vitamininin mənbəyi də məhz yumurta sarısıdır. O, uşaqlara gündə 1 ədəd, böyüklərə 2–3 ədəd yumurta yeməyi məsləhət görüb.
Z.HÜSEYNLİ
XQ