Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub

post-img

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun müşayiəti ilə oktyabrın 4-də Minskdə Azərbaycan Ticarət Evində olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hökumət başçılarına Ticarət Evinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycan şirkətlərinin istehsal etdiyi və Belarus bazarına çıxarılan müxtəlif növ məhsullarla tanışlıq olub.

Sonra Azərbaycanın və Belarusun Baş nazirləri Əli Əsədovun və Roman Qolovçenkonun iştirakı ilə Azərbaycan Ticarət Evində Kəlbəcər “İstisu” mineral suyunun təqdimatı keçirilib.

Tədbir çərçivəsində Kəlbəcər "İstisu" mineral su zavodu və Belarus Respublikasında "Azərbaycan Ticarət Evi" MMC arasında əməkdaşlıq qurmaq məqsədilə niyyət protokolu imzalanıb. Əsas məqsəd "İstisu" mineral su zavodunun məhsullarının Belarusda təşviqi və satışını təmin etməkdir.

"Azərbaycan Ticarət Evi" MMC məhsulların bazarda mövqeləndirilməsi, marketinq fəaliyyəti və Belarusun hüquqi tələblərinə uyğunluq sahəsində kömək göstərəcək.





Sosial həyat