“Mən güllər gözəliyəm”

post-img

Məni hər yerdə görə bilərsiz. Gözü gözəllik görmək, ruhunu rahatlamaq istəyənlər fidanlarımı bağçalarda, həyətlərdə xüsusi qayğı ilə becərirlər.

Yazda, payızda incə budaqlarımda bir-birindən gözəl, bağçaların bəzəyinə, əllərin sevimlisinə çevrilən qönçələrim göz oxşayır. Qönçələrimi görənlər gözəlliyimdən və ətirimdən doymurlar. Ətirimi çəkənlər bihuş olurlar.

Harada olsam oranı daha da gözəlləşdirir, diqqətçəkən edirəm. Otaqlarda güldanlara qırmızı, sarı, bənövşəyi rəngli dəstəmi qoyurlar.

Gəlinlik paltarı geyən qızlar bəyin qoluna girib nikah evinə gedərkən, digər əliylə qönçəli buketimi tutar, bəylər isə yaxasına taxarlar. Gəlin maşınını da mənimlə bəzərlər. Ləçəklərimi anaların başına səpərlər, həsrətlilərin, sevənlərin yoluna...

Mən güllərin ən gözəliyəm. Əvvəllər ancaq qırmızı və ağ rənglərdə olmuşam. Sonra yaşıl, sarı, narıncı, hətta göy və qara rənglərim də yaranıb.

Məndən gül süyü, gül yağı, gül sirkəsi, gül mürəbbəsi ... hazırlanır.

Adım qızların adına yaraşıqdır: Gülyanaq, Gülçöhrə, Gülçatay, Gülnişan, Güldəstə, Gülay, Gülnar, Gülcahan, Gülbuta, Güləndam, Gülgün, yaxud Aygül, Təzəgül, Tərgül...

Mən sevginin ifadəsiyəm. Biri sevdalısına məhəbbətini anlatmaqda çətinlik çəkəndə məni özü ilə aparır....

Otağınızdan, həyətinizdən məni əskik etməyin.

Qoy, ömrünüz gül ətirli olsun!

Yəqin, məni tanıdınız! Mən ətirli və gözəlliyini tikanları ilə qoruyan Qızılgüləm! 

Səməd Məlikzadə

 

Sosial həyat