Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir nəticəsində 1986-cı il təvəllüdlü Romal Fətullayev saxlanılıb. Onda 2 kiloqram güclü təsiredici narkotik vasitə olan heroin aşkarlanıb. R.Fətullayev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu bir nəfər tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, heroini maddi qazanc müqabilində deyiləcək ünvanlara yerləşdirməli imiş.
Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı isə vətəndaşlardan birinə məxsus yeni tikilməkdə olan evdən 125 min manat dəyərində inşaat materialları oğurlayan 1993-cü il təvəllüdlü Taleh Mirzəyev və 1994-cü il təvəllüdlü İvan Kisliyakov saxlanılıb.
Araşdırmalarla İ.Kisliyakovun həmin tikilidə gözətçi işlədiyi və oğurladığı inşaat materiallarının bir hissəsini tanışı T.Mirzəyevin vasitəsi ilə satdığı müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.