Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zahid Ziyad oğlu Abbasovun meyitinin qalıqları Lerik rayonuna gətirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin dəfn mərasimində kənd sakinləri, ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Qeyd edək ki, Zahid Ziyad oğlu Abbasov 1993-cü ilin aprelin 16-da Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Toğana kəndi) itkin düşmüş sayılırdı.