Daşkənddə ulu öndərin anadan olmasının 101-ci ildönümü qeyd olunub

post-img

     Azərbaycanın Özbəkistandakı səfirliyi, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, VMF Şirkəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasında ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı mərasim keçirib. 

     Əvvəl iştirakçılar ulu öndər Heydər Əliyevin həyat yolu ilə bağlı fotoşəkillərdən ibarət  sərgiyə baxıblar, onlara Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın özbək dilində çap olunan “Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” adlı kitabı hədiyyə edilib. 

     Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev öz çıxışında dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin həm Azərbaycanda, həm də keçmiş SSRİ-də yüksək vəzifələr tutduğu dövrdəki fəaliyyətindən geniş söhbət açıb. 

Səfir Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində və müstəqillik dövründə Azərbaycan milli dövlətçiliyinin formalaşmasında, ölkənin suverenliyi, ərazi bütövlüyü, dünya birliyinə inteqrasiyası, iqtisadi inkişafındakı əvəzolunmaz xidmətlərindən danışıb. 
Natiq ulu öndərin böyük zəka, polad iradə, hərtərəfli dünyagörüşünə malik dövlət xadimi olduğunu xüsusi vurğulayıb. Səfir ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlməsini ölkəmizin  taleyində ən uğurlu hadisə kimi qiymətləndirib. Diplomat vurğulayıb ki, Heydər Əliyevin apardığı daxili və xarici siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

H.Quliyev bildirib ki, tarixçi alim, Azərbaycan həqiqətləri ilə bağlı kitabların müəllifi Şuxrat Barlas, ailm və tərcüməçi Babaxan Şərif “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib. Sonra səfir medalları sahiblərinə təqdim edib və təbriklərini çatdırıb.  

     Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev Fondunun rəhbəri Vahid Mustafayev Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli mənəvi dəyərlərin qorunub saxlanması, azərbaycançılıq ideologiyasının bərqərar olması, ölkənin iqtisadi inkişafı sahəsindəki xidmətləri haqqında söhbət açıb, ulu öndərlə görüşlərini yada salıb. 

     “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov qeyd edib ki, ulu öndər Heydər Əliyev hər zaman Özbəkistanla münasibətlərə xüsusi önəm verib. O, ulu öndərin Özbəkistana səfərləri, Uluqbəy adına Özbəkistan Milli Universitetinin fəxri doktoru adına layiq görülməsi, Özbəkistanın birinci Prezidenti İslam Kərimovla dostluq əlaqələrindən söhbət açıb.

     Sonra klassik musiqidən ibarət konsert olub.

     Tədbirdə diplomatik heyətin üzvləri, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, tələbələr, Azərbaycan diasporunun üzvləri iştirak edib. 

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd   

 









Sosial həyat