12 aprel - Aviasiya və Kosmonavtika günüdür

post-img

SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel Kosmonavtika günü elan olunub. Bu günün keçirilməsinə səbəb isə 50 il əvvəl, yəni 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Y. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoymuş oldu.

Yuri Qaqarin 1941-ci ilin sentyabrnda orta məktəbin birinci sinfinə gedir. Lakin müharibə təhsilini davam etdirməyə imkan vermir. 1951-ci ildə sənət məktəbini bitirir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq "Yak-18" təyyarəsində ilk dəfə sərbəst uçuş edir. Sonra hərbi xidmətə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məkətbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o, bu məktəbi bitirir.

1959-cu ildə ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyini xahiş edir. Y. Qaqarin iki tibbi ekspertizanı keçəndən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir.

1961-ci ildə ABŞ ilə raket yarışmasında qabağa çıxmaq istəyən Serqey Korolyov namizədlər arasından 6 nəfəri seçir. Onların arasında Qaqarin də vardı. Kimin kosmosa uçması sonuncu dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.

Uçuşa 12 aprel 1961-ci ildə Baykonur aerodromundan start verilir. Qaqarin "Vostok" gəmisində kosmosa uçuşu uğurla həyata keçirir. Onun bəşər tarixində atdığı bu ilk və cəsarətli addım təkcə ölkə daxilində deyil, həm də xaricdə yüksək qiymətləndirilir. Adı bir an içərisində bütün dünyada məşhurlaşır. Təəssüf ki, ilk kosmonavtın ömrü qısa olur, o, 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayır və həlak olur. Kosmosun ilk fatehinin əziz xatirəsi dünyanın hər yerində dərin hörmətlə anılır.

Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox “R-2” raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməyilə dünyada ilk dəfə olaraq Yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. Onu da qeyd edək ki, Kərim Kərimov kosmosa uçuş üzrə dövlət komissiyasının sədri olub.

Ölkəmizdə müvafiq sahənin inkişafı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 2008-ci il 4 noyabr tarixli Sərəncamından sonra başlayıb. 2009-cu il avqustun 17-də isə dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib.

Prezident İlham Əliyevin 2010-cu il 3 may tarixli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə “Azərkosmos” ASC təsis edilib.

Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb. 

 

Sosial həyat