Sosial xəbərlər

post-img

Sosial Xidmətlər Agentliyi Əlillərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində yaxın günlərdə əmək bazarının tələblərinə uyğun olaraq daha 3 peşə üzrə hazırlıq kursları təşkil ediləcək. 

 Nəzərdə tutulan kurslar fotoqrafiya, avadanlıqların (kompüter, telefon, planşet, televizor və s.) təmiri və manikür peşələrini əhatə edəcək və 3–6 ay davam edəcək. Bununla yanaşı, mərkəzdə floristika, bədii tikmə və dizayn üzrə dərnəklər də təşkil ediləcək. Habelə, burada sosial-psixoloji ünsiyyət, rəqs, musiqi və peşə istiqamətləri üzrə terapiyaların tətbiqi də nəzərdə tutulub. 

Hazırda mərkəzdə 15–29 yaşlı əlilliyi olan şəxslərin 10-dan çox istiqamət – kompüter istifadəçisi, dərzilik, toxuculuq, ağac üzərində oyma, qadın və kişi bərbəri, rəssamlıq, xalçaçılıq və s. üzrə peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Qəbul olunanlar dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar. 

Agentliyin Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində isə görmə qabiliyyəti məhdud şəxslərə də reabilitasiya xidmətləri göstərilir. Burada 5–29 yaş arası əlil olanlar reabilitasiya və abilitasiya xidmətlərinə cəlb edilir. 

***

Dövlət Məşğulluq Agentliyi sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün növbəti layihəyə start verib. 

Qurum ilə Azərbaycan Karlar Cəmiyyətinin birgə əməkdaşlığı ilə həmin şəxslərin özünüməşğulluğunu təmin etmək məqsədilə “Biznesin sədası” layihəsinin icrasına başlanılıb. Layihə üzrə eşitmə qabiliyyəti məhdud işsiz şəxslər özünüməşğulluq proqramına cəlb olunaraq dərzi və qənnadçı istiqamətlərində öz işlərini qurmaları üçün avadanlıqlarla təmin ediləcək. Agentliyin təşkil etdiyi peşə hazırlığı kurslarını bitirən, həmçinin həmin sahələr üzrə bacarıqları olan şəxslər bu layihəyə cəlb olunacaq.

Z.BAYRAM 
XQ

 

Sosial həyat