Müdafiə sənayesi naziri: Ölkəmiz rəqabətədavamlı məhsullar istehsal etmək qabiliyyətindədir

post-img

“Dövlətimizin başçısının davamlı qayğı və diqqəti nəticəsində Azərbaycan özünün müdafiə sənayesinin inkişafında daha yeni nailiyyətlər əldə etməyə imkan qazanıb. Bu gün biz artıq rəqabətədavamlı, müasir standartlara cavab verən məhsullar istehsal etmək qabiliyyətindəyik”.

Bunu müdafiə sənayesi naziri Vüqar Mustafayev dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda “Hərbi-texniki əməkdaşlıqda texnologiyanın rolu” mövzusundakı panel iclasda söyləyib.

Nazir bildirib ki, bu forum iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, hərbi sahədə də fəaliyyət göstərən dövlət qurumlarının görüş yerinə çevrilib. O vurğulayıb ki, belə görüşlərin, tədbirlərin təşkil olunması beynəlxalq müstəvidə yerli və xarici şirkətlərin müxtəlif istiqamətlərdəki əməkdaşlığının inkişafına təkan verir.

“Hər bir dövrdə olduğu kimi milli təhlükəsizliyin təmin edilməsi ölkələrin ən başlıca məsələləri sırasındadır. Dünyada baş verən proseslər bir daha onu göstərir ki, ölkənin müdafiə qabiliyyətinin, imkanlarının güclü olması, eyni zamanda, güclü ordusunun olması onun suverenliyinin və müstəqilliyinin əsas qarantı rolunda çıxış edir. Bu baxımdan müdafiə sənayesinin potensialının artırılması artıq son dövrlərdə hər bir ölkənin önəmli prioritet məsələlərindən birinə çevrilib. Əlbəttə ki, bu potensialın artırılması ölkənin milli sənayesi hesabına baş verdikdə bu, həmin dövlətin gücünün, qüdrətinin daha bir göstəricisi halına gəlir”, - deyə V.Mustafayev əlavə edib.

Sosial həyat