Qumuqların tarixi və etnik mənşəyi

post-img

Tarix boyu böyük dövlətlərin Qafqaz uğrunda mübarizəsi davam etsə də, Rusiya son bir neçə əsrdə bu coğrafiyada hökmranlıq edən əsas güc olmuşdur. Rusiyanın bölgəni ələ keçirmək cəhdləri XVIII əsrin sonlarında başlamışdır və 1859-cu ildə İmam Şamilin ruslara təslim olması ilə Qafqazın sonuncu müqavimət hərəkatına 250 min nəfərlik əsgəri güclə son qoyulmuşdur. Bununla da Şimali Qafqaz xalqlarının bir əsrə yaxın davam edən azadlıq mübarizəsi dayandırılmışdır. 

1813-cü ildə sərhədləri Dərbənddən Kabardinə qədər uzanan Qumuq xanlığı (Qumuq Şamhallığı) Rusiya tərəfindən işğal edildi və 1867-ci ildə Rusiyanın Qafqazı tamamilə ələ keçirməsi ilə ləğv edildi. Osmanlı İmperiyasından sığınacaq alan qumuqların bir qismi Türkiyəyə köçmək məcburiyyətində qaldı, qalanları isə rusların hakimiyyəti altında yaşamağa davam etdilər. 

Qumuq türklərinin tarixi və etnik mənşəyi ilə bağlı müxtəlif fikirlər irəli sürülüb: ümumi inanc onların Qafqaz hunlarının və xəzərlərin varisləri olmaları, rusların Qafqazı işğalına qədər bu ərazidə məskunlaşan türk tayfası kimi qəbul edilmələridir. Lakin qumuq tarixini və dilini öyrənən tədqiqatçılar fərqli fikirlər də irəli sürmüşlər. Məsələn, bəzi mənbələrdə qazi qumuqların (lakların) bir hissəsinin düzənliyə enərək oradakı türklərə qarışması nəticəsində yarandıqları bildirilir, bəziləri  isə onları Qaraçay-Balkar və Krım türklərindən qopmuş bir toplum olaraq görürlər. 

Qumuq sözünə rast gəlinən ilk qaynaq Mahmud Kaşğarinin “Divani lüğət-türk” əsəridir. Toplu halda Rusiya Federasiyasının (RF) Dağıstan Respublikasında, az qismi isə qonşu İçkeriya (Çeçen), İnquş, Quzey Osetiya respublikalarında və Türkiyədə  yaşayırlar. Dağıstanın Xasavyurd, Babayurd, Qızılyurd, Karabudahkənd, Kayakənd, Kaytak şəhər və bölgələrində yaşayan qumuq türklərindən bəzi etnik qruplar isə Çeçenistanın Qudermes və Şimali Osetiyanın Mozdok rayonlarında məskunlaşıblar. 

Hazırda qumuqların əksəriyyəti Dağıstanın Mahaçqala, Buynaks, İzberbas, Kaspiysk, Kizlar kimi şəhərlərində yaşayır. Mahaçqala həm də qumuqların tarixi mərkəzidir. Vaxtilə Şimali Dağıstan düzənliklərinin və Xəzər dənizi sahillərinin dominant etnik elementi olan qumuqlar 1990-cı illərin əvvəllərində, hətta öz tarixi bölgələrində 22 faiz əhalisi olan azlığa çevrilib. Sovet rəhbərliyinin qərəzli məskunlaşma siyasəti nəticəsində əkin sahələrinin yarısını itirən qumuqlar şəhərlərə köçməli olublar. Nəticədə, bu gün Dağıstanda urbanizasiya səviyyəsi (47 faiz) ən yüksək olan xalqlardan biri də qumuqlardır. 

 2002-ci ilin siyahıyaalmasında ­RF-də qumuqların sayının 425 min nəfərə qədər olduğu göstərilir. Bəzi mənbələrdə isə bu rəqəmin 600 min, hətta bir  milyon yarım olduğu qeyd edilir. Türkiyədə 10 min nəfərdən çox qumuğun yaşadığını yazırlar. 

Qumuqların əksəriyyəti rus dilini ana dili kimi bilsələr və bu dildən ictimai yerlərdə, hökumət idarələrində ünsiyyət vasitəsi kimi istifadə etsələr də, öz aralarında ana dilində danışmağa üstünlük verirlər.

 Türk dilinin qıpçaq qrupuna daxil olan qumuq dilində oğuz türkcəsinin xüsusiyyətləri əhəmiyyətli dərəcədə görünür.  Azərbaycan, Krım, Kazan, Türkmənistan, Özbəkistan və bəzi başqa türkdilli ərazilərdə qumuqların dili tərcüməsiz başa düşülür. Yüzillər boyu ərəb əlifbasından istifadə edən qumuqlar Sovetlər Birliyində yaşayan əksər türk xalqları kimi 1929-cu ildən latın qrafikalı əlifbaya keçdilər. Lakin bu, uzun sürmədi. Onlar üçün də 1938-ci ildə kiril qrafikası ilə əlifba yaratdılar. Bu əlifbada 38 hərf var. Türk xalqlarının əksəriyyətinin danışarkən eyni cür səsləndirdikləri səslər fərqli işarələrlə göstərildiyindən türk soylu insanlar bir-birlərinin yazılarını rahat oxuya bilmirlər.

Saylarının az olmasına baxmayaraq, qumuq türkcəsi bütün Dağıstanda avar dilindən sonra 2-ci ən çox danışılan dil olub. Qumuq türkcəsindən əsrlər boyu müxtəlif dillərdə danışan Qafqaz xalqlarının ortaq danışıq dili kimi istifadə edilmişdir. Qumuq türkləri XX əsrin əvvəllərinə qədər Qafqazın həm siyasi, həm mədəni, həm də ictimai və dini həyatına ciddi təsir göstərmişdir. 

Altay dilləri nəzəriyyəsinin qurucusu Q.J.Ramsted Quzey Qafqazda qumuq türkcəsinin geniş yayılmasına və qonşu xalqlar arasında ünsiyyət vasitəsinə çevrilməsinə xüsusi önəm vermişdir. 1918-ci ildə keçirilən Quzey Qafqaz xalqlarının milli qurultaylarında qumuq türkcəsi dağlı xalqları adlandırılan 50-ə yaxın xalqın və etnik qrupun ortaq dili kimi qəbul edilmişdi.

Professor Bəkir Çobanzadə 1926-cı ildə Bakıda qumuq dili və ədəbiyyatından bəhs edən silsilə məqalələr yazaraq onların bir qismini jurnallarda çap etdirmişdir. Azərbaycanın mühacirətdə olan ictimai-siyasi xadimi və elm adamı Mirzə Bala Məmmədzadə İslam ensiklopediyasında qumuqlar haqqında yazdığı məqaləsində onların tarixindən, soykökündən bəhs etməklə yanaşı, ədəbiyyatları haqqında da bilgi vermişdir.

Azərbaycan şairi, rəssam və xeyriyyəçi, “Xan qızı” kimi tanınan Xurşidbanu Natəvanın əri knyaz Xasay xan Usmiyev də qumuq idi. Vaxtı ilə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi omuş, Azərbaycanın böyük dövlət və elm xadimi  Əziz Əliyev bütün Quzey Qafqaz xalqlarının, eləcə də qumuqların rəğbət bəslədiyi rəhbərlərdən olub. Mahaçqalanın mərkəzi küçələrindən biri Əziz Əliyevin adını daşıyır və burada görkəmli siyasətçinin möhtəşəm heykəli ucaldılıb. Dağıstan əhalisini Stalin repressiyasından xilas edən bu şəxsiyyət haqqında bölgənin 100-dən çox yaşı olan ən populyar qəzeti, SSRİ-nin iflasına qədər  Sov.İKP Dağıstan Vilayət komitəsinin mətbu orqanı olmuş qumuq dilində nəşr edilən “Yoldaş” qəzetində məqalələr yer alır. 

Azərbaycanda qumuqların dilinə, mədəniyyətinə daim dərin maraq olmuşdur. Tanınmış folklorşünas alim, tədqiqatçı və publisist Əli Şamilin bu sahədə əməyini xüsusi qeyd etmək yerinə düşər. Bununla bərabər, bu istiqamətdə tədqiqatların davam etdirilməsinə ehtiyac var. 

Namiq Qədimoğlu 
XQ

 

Sosial həyat