İtaliyanın nüfuzlu “La Repubblica” qəzeti Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı məqalə dərc edib.
Yazıda Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin fikirlərinə istinadla ölkəmizin COP29-a ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı qrup daxilində ümumi konsensusun olduğu bildirilir.
Məqalədə, həmçinin qeyd olunur ki, Misirin Şarm əl-Şeyx (COP27) və Birləşmiş Ərəb Əmirliklərinin Dubay (COP28) şəhərlərindən sonra COP29-a ev sahibliyi etmək növbəsi Bakıya keçəcək. 2024-cü ildə COP29-un keçiriləcəyi yerin Bakı olacağı vurğulanır.
Qeyd edək ki, Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Rəsmi qərar dekabrın 12-də plenar iclas zamanı veriləcək.
2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdü. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma