Qənirsiz dəyərlərin Qənirəsi

post-img

Yarımçıq ömrün bitib-tükənməz nağılı

Qənirə Paşayevanın ömrünün qəfil yarımçıq qırılmasından, əbədiyyətə qovuşmasından 40 gün keçir. Deyirlər, ölümə çarə yoxdur. Millətin sevimli qızına da çarə olmadı, ömrü tez sona yetdi. Bundan sonra o, doğmalarının nisgillərində, onu sevənlərin hüsn-rəğbətində, çoxsaylı tanıyanların xatirələrində yaşayacaq.

Qənirə haqqında nə danışsaq, nə yazsaq, onu olduğu kimi təqdim etmək mümkün deyil. Çünki onun insanlığı, cəmiyyətə münasibəti, jurnalist, eləcə də Milli Məclisin deputatı və komitə sədri, siyasətçi və xeyirxah qadın kimi fəaliyyəti araşdırıldıqca, yeni keyfiyyətləri aşkarlanacaq. Qənirə Paşayeva ziyalı ailəsində böyümüş zəhmətkeş və vətənpərvər azərbaycanlı qızı idi. O, ictimai-siyasi, sosial-mədəni həyatımızda öz möhürünü vurmuş, çoxcəhətli fəaliyyətində dəsti-xəttini yaratmışdı, iti zəkası, hədsiz sadəliyi, hamıya səmimiliyi ilə tamamilə yeni bir qadın hərəkatı fəalı idi.

Çoxumuz onu qədərincə tanımamışıq. Yazdığı şeirləri ölümündən sonra yenidən oxuduqca, müsahibələrinə baxdıqca yeni bir Qənirə kəşf edirik. Hər sözündə bir məna gizlənən şeirlərinin, fikirlərinin təsirindən çıxmaq olmur. “O, hər şeyi öncədən bilirmiş”- deyə 
mat qalırsan. Qənirə Paşayeva çox duyğulu insan idi, seçilən Azərbaycan xanımlarından biri idi. Jurnalistikaya çoxları onu örnək alıb gəlmişdi. “Deputat necə olmalıdır"” sualına bütün parametrləri ilə cavab verən ictimai xadim idi. Türk, Turan sevdalısı idi. Onun bu 
sevgisi birtərəf deyildi. Eyni məhəbbətlə də onu Türkiyədə və digər türkdilli ölkələrdə sevirdilər. Türk adı gələndə susmazdı, qəlbi coşardı, saatlarla danışardı. Sözünü kəsməyə kimsə qıymazdı, amma ömrü yarımçıq kəsildi.

Onunla birlikdə 5 il əvvəl Türkiyə Cümhuriyyətinin bayram törənində iştirak etmək üçün qardaş ölkəyə getmişdik. İzmirdə, Manisada görüşlərdə, tədbirlərdə olduq. Manisanın Cəlal Bayar Universitetinin böyük zalında keçirilən tədbir haqqında sonradan yazı da 
yazdım. O görüşlərdə Qənirə xanıma olan sonsuz sevginin bir daha şahidi olduq. Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun ovaxtkı həmsədri Necdət Ünüvarın Qənirə xanımla bağlı fikirlərinə diqqət edin: “Türkiyədə ən 
yaxşı millət vəkili kimdir sualına hər kəs Qənirə Paşayevanın ismini söylər”. Bu, bir Azərbaycan qızına, nüfuzlu siyasətçiyə verilən dəyər idi. “Türk dünyasının Asenası” deyirdilər ona. O, Turan və Bütöv Azərbaycan ideallarına könül vermişdi. O, böyük ideallar və böyük işlər üçün doğulmuşdu. Bacardığı qədər milli hədəfərimizin gerçəkləşməsinə çalışırdı. Türk Dünyasının üzdə olan tanınmışları onun xidmətlərini yüksək dəyərləndirirdi. Azərbaycanı türk ellərinə tanıdır, o ellərdən gələn hər kəsi diqqət və qayğı ilə əhatə edirdi.

Siyasət aləmində də keçərli söz sahibi idi. Qəzetimizdə onun bir çox yazıları dərc olunmuşdu. Qarabağ dərdimizi beynəlxalq kürsülərdən cəsarətlə dilə gətirirdi. Erməni siyasətçinin ”Erməni Qarabağdan çəkilməz” fikrinə “Çəkilməz, çəkdirərik” -deyən, onu 
“Dinimiz bizə ”öldür”desəydi, sizi bu coğrafiyadan silərdik”- deyə susduran da Qənirə idi. Məzarı üstündə ruhuna xitabən dedim: 

-Şeirində dediyin kimi sən ana olmadın, amma valideynlərinə də, ölkənə də, şəhid analarına da gözəl övlad oldun. Hər kəsi düşünə-düşünə özünü heç yada salmadın. Çox yükləndin. Qardaş Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr etdiyin “Addım-addım Türkiyə” adlı sənədli filmində deyildiyi kimi, yayın isti, 66 günündə Türkiyənin 57 vilayətini qarış-qarış gəzmək çətin olsa da dözdün, istəyinə çatdın. Filmin sonunda “Yetişmək üçün mənzilə, gediyorum gündüz-gecə” oxuyub “Dostlar məni xatırlasın” deyirsən. Sənə agah idimi tez gedəcəyin?" Ölümünü bu qədərmi dəqiq bilirdin"

Qənirə, yeni yurdun - əbədi mənzilin üz-gözündəki işıq kimi həmişə nura qərq olsun!

Zərifə BƏŞİRQIZI
XQ

 

 



Sosial həyat