Ondan bəhs edən filmə baxdıqdan sonra düşüncələr
Culius Robert Oppenheymer. Dünyada ilk dəfə atom bombasını ixtira edən şəxs – amerikalı fizik odur.
Nəhayət, ABŞ kinematoqrafı onu da yada salmağa qərar verdi. Hazırda “Oppenheymer” adlı ekran əsəri Azərbaycanın kinoteatrlarında da yayımlanmaqdadır. Prodüseri Kristofer Noland olan avtobioqrafik trillerin baş rol ifaçısı məşhur aktyor Cilian Merfidir. Rollarda Florens Puç, Robert Dovney, Emili Blant, Rami Melek, Cek Quad və digər populyar sənətkarlar yer alırlar.
Bəri başdan deyək ki, film mükəmməldir. Əlbəttə, kino mütəxəssisi olmadığımız üçün bu mükəmməlliyi sırf filmoqrafiya nöqteyi-nəzərdən bildirmirik. Buna mütəxəssislərin qiymət verməsi daha doğru olar. Hər halda, onların da müsbət mənada fərqləndirəcəkləri çox məziyyətlərin olduğuna inanırıq. Yalnız onu bildirək ki, 100 milyon dollarlıq büdcəyə malik ekran əsəri indiyədək 649 milyon dollar gəlir gətirib. Ancaq biz bu yazıda daha çox dünyada, kifayət qədər, böyük izləyici auditoriyası toplamış trillerin verdiyi mesajlara diqqət yetirəcəyik.
Filmdəki Culius Robert Oppenheymer idealistdir. O, öz əməyinin bəşəriyyət üçün faydalı olduğuna sidqi-ürəklə inanır. İstər-istəməz sual yaranır: necə ola bilər ki, atom bombası kimi insanlığın məhvinə yönəlmiş silahı ixtira edən şəxs faydalı iş gördüyünə inansın? Yəqin, çoxlarınız düşünər ki, o xəstədir, şizofrendir. Xeyr, elə deyil. Sadəcə, o dövrün hadisələrinə diqqət yetirəndə görürsən ki, Oppenheymer heç də zamanə adamı deyil. Nəzərə alaq ki, bu fikrə məhz ABŞ istehsalı olan bir filmə nəzərən gəlirik.
O filmə ki, orada Birləşmiş Ştatların o zamankı Prezidenti Harri Trumen atom bombasının Yaponiyaya – Xirosima və Naqasakiyə atılmasından və bunun ABŞ cəmiyyətində böyük uğur kimi qiymətləndirilməsindən sonra Oppenheymeri şəxsən, böyük ehtiramla qəbul edir. Alim dövlət başçısına özünü əli qana batmış insan kimi hiss etdiyini bildirəndə ikinci sanki şok yaşayır. Ancaq Trumen bunadək də təəccüblənir.
Məsələn, Prezident Oppenheymerdən atom bombasının sınağının keçirildiyi Los Almosun sonrakı aqibətinin necə olacağını soruşanda, alim belə deyir: Oranı hindulara qaytarın. Həqiqətən, cavab gözlənilməzdir. O anlamda ki, film atom bombasının ixtirası və tətbiqi ilə insanlığın ilkin halına qayıtması mesajını verir. Axı, ilkin halında Amerika qitəsi hinduların olub.
Bəli, atom bombasının Yaponiyaya atılmasından sonra Oppenheymer dərin sarsıntı keçirir. Ancaq bu hiss heç də hadisənin doğurduğu dəhşətli qırğına görə deyil. Əslində, alimin şübhələri daha əvvəldən yaranır. Çünki dediyimiz kimi, bombanı ixtira edərkən, sidqi-ürəklə inanırdı ki, gördüyü iş faydalıdır, mütərəqqidir. Axı, nüvə silahının hazırlanması müddətində alman faşizmi hələ məğlub edilməmişdi. Oppenheymer isə super silahı bəşəriyyətin nasizm kimi bəlaların bir daha təkrarlanmamasına yönələn müqavimət olaraq görürdü. Hesab edirdi ki, kəşfi, bütövlükdə, insanlığın rifahı naminədir. Elə ona görə Almaniyanın məğlubiyyətindən sonra müqavimətini davam etdirən Yaponiya təhlükəsi fonunda keçirilmiş və 1945-ci il iyulun 17-dən avqustun 2-dək davam etmiş Potsdam Konfransı zamanı Trumenin yeni ixtira barədə SSRİ lideri Stalini məlumatlandıracağına ümid bəsləyir. Əlbəttə, Trumen bu barədə Sovetlər Birliyinin rəhbərinə bir kəlmə belə demir. Oppenheymerin sadəlövhlüyü də elə bundadır. Beləliklə, faşizm kimi təhlükəli meyillərdən dünyanı xilas etmək uğrunda çalışdığını hesab edən alimin ilk xəyalqırıqlığı yaşanır.
Oppenheymer hesab edirdi ki, atom bombası, bütövlükdə, bəşəriyyətə məxsus olmalıdır. Alim ondan istifadənin beynəlxalq aləmin müştərək qərarı olacağını düşünür. Özü üçün hesablamalar aparır və bu qənaətə gəlir ki, müharibə nəticəsində çoxsayda insanın məhvindənsə, atom bombasından istifadə ilə bəlli sayda kütlənin həyatını itirməsi daha yaxşıdır. Ancaq görür ki, Birləşmiş Ştatlar kəşfi qlobal rəqabət üçün vasitəyə çevirir. Onun Trumenə hiddətli cavabı elə buna görədir. Trumenin əsəbləşməsi də maraqlıdır. Təxminən belə: bombanı siz hazırladınız, onu atmaq əmrini mən verdim. Əli qana batan varsa, siz yox, mənəm.
Əlbəttə, ABŞ-ın o zamankı dövlət başçısının Oppenheymerlə görüşdən sonra köməkçisinə dediyi söz də maraqlıdır: Bu ağlağanı (Oppenhaymeri nəzərdə tutur – red.) bir daha mənim yanıma buraxmayın! Belə də olur: Oppenheymer bir daha Trumenlə qarşılaşmır. Əslində, heç qarşılaşmalı da deyildi. Çünki alim prinsip etibarilə o zamankı ABŞ cəmiyyətinin əhval-ruhiyyəsinə tam zidd adam idi.
Əhval-ruhiyyəyə gəldikdə isə deməliyik ki, həmin dönəm SSRİ-də hansı proseslər yaşanırdısa, Birləşmiş Ştatlarda da eynisi baş verirdi. Əgər birincidə Qərbin casuslarının axtarışı gedirdisə, ikincidə də SSRİ-yə işləyənlərin, belə demək mümkünsə, ovu həyata keçirilirdi. Trumenin yanında, özünü yaxşı aparmayan, konyukturadan kənara çıxan Oppenheymer də özünü hədəfə gətirirdi. Axı, böyük iş görənləri hər zaman kiçik gözügötürməyənlər olur. Atom bombasının ixtiraçısı da qeyri-standart fikirləri ilə bu aqibətdən sığortalanmamışdı. Əksinə, onu, necə deyərlər, məhşər ayağına çəkmək üçün əsaslar verirdi. Məsələn, filmdəki təsvirdə Oppenheymerin ilk əsası elə Prezident Trumenlə görüşdə verdiyi məlum olur. Alim dövlət başçısına Birləşmiş Ştatların atom bombasını, bir növ, inhisara götürməsinin düzgün addım olmadığını bildirir. O deyir ki, belə yanaşma dünyada sürətli silahlanmaya gətirəcək. Üstəlik, o, SSRİ-də güclü fiziklərin olduğuna diqqət çəkərək bildirir ki, ölkə ABŞ-a qarşılıq öz atom bombasını ixtira edəcək. Ancaq Trumen alimin bu fikirlərinə tam etinasız yanaşır, əhəmiyyət vermir. Qəti şəkildə inanır ki, SSRİ-də heç vaxt atom bombası ola bilməz. Əlbəttə, Prezident yanılır. Ancaq yanlışlıq bu mövzuda onunla söhbət açan Oppenheymerə baha başa gəlir. Əlbəttə, dünyaya da. İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” bəlası yaşanır…
Bəli, həmin vaxt ölkəsində böyük nüfuz sahibi olan Oppenheymer qısa müddətdə müəyyən dairələrdə az qala, xalq düşməni – SSRİ casusu kimi xarakterizə edilməyə başlanır. Bildirdiyimiz kimi, alimin dilinə yiyə dura bilməməsi onun bədxahlarını hərəkətə keçirir. Bəs, o, dilinə yiyə durmamaq baxımından başqa nə edirdi? Filmdə həmin səhnələrdən biri “soyuq müharibə” reallığı fonunda, kifayət qədər, gözəl təqdim edilir. Oppenheymer çıxışlarının birində bildirir: ABŞ-la SSRİ bir bankaya salınmış iki xərçəngdir. Onlardan hansınınsa birinin o birini öldürməyi onun özünün də məhvi hesabına başa gələcək.
Bu fikirlər bəs edir ki, atom silahı ixtiraçısı ABŞ-ın siyasi dairələrində və elmi çevrələrində qəhrəmandan antipoda çevrilsin. O, sanki bir andaca SSRİ-dəki məşhur dissidentlərin aqibətinə yaşamaq təhlükəsi ilə üzləşir. Filmdə bu aqibətin kulminasiya nöqtəsi kimi, Oppenheymerlə Albert Eynşteynin söhbəti təsvir edilir. Eynşteyn nasist Almaniyasından canını qurtarıb ABŞ-da yaşayırdı. O, Oppenheymerə Birləşmiş Ştatlardan üz döndərməyi təklif edir, lakin ikinci bununla razılaşmır və haqsızlıqlara qarşı mübarizə aparır.
Əslində, filmdəki ayrı-ayrı fraqmentlərə diqqət yetirəndə görünür ki, ABŞ-ın atom bombasının ixtiraçısı heç də mübarizə aparmır. Özünü ixtirasına görə günahkar saydığından, sanki susqunluğu ilə ona veriləcək cəzanı gözləyir ki, ədalət yerini tutsun. Ədalət isə atom bombası nəticəsində həyatını itirmiş minlərlə yaponun ah-naləsi idi. Hər halda, Oppenheymer belə hesab edirdi. Tarixə də diqqət yetirəndə görürük ki, Yaponiyanın İkinci dünya müharibəsində təslim olması heç də ABŞ-ın Xirosima və Naqasakiyə atdığı atom bombasına görə deyildi. İmperiya rəhbərliyi hələ avqustun ilk günlərində təslim olmağı düşünürdü. Çünki SSRİ Mancuriya cəbhəsində yaponların əsas qüvvələrini məğlubiyyətə uğratmışdı. Yəni, Birləşmiş Ştatlar Yaponiyaya atom bombası atmaya da bilərdi. Amma bunu etdi.
Oppenheymer ədalətsiz ittihamlara uğrayacağı ədalətsizliyi ölkəsinin onun zehni sahəsində etdiyi ədalətsizliyin yanında heç nə sayır və tam müqavimətsiz dayanır. Bu dolaşıq və psixoloji sarsıntı mühitində yalnız həyat yoldaşı ona mübarizə aparmağı təlqin edir. Mübarizə aparmağı, SSRİ-nin xeyrinə casusluq etmədiyini sübuta yetirməyi.
Bəli, film Oppenheymer üçün nikbin sonluqla bitir. Nikbin sonluğu doğuran isə yenə ABŞ cəmiyyətinin düşüncəsidir. Axı kommunizm təhlükəsinin insanları zombiləşdirdiyi bir zamanda söylənilən fikrin cinayət sayılmasının qeyri-mümkünlüyü, şəxsi düşüncənin məhsulu olduğu reallığının nəzərə alınması da əsasdır. İnsan düşüncəsinə görə mühakimə olunmamalıdır. Ola bilər, Amerika cəmiyyətini kommunizmlə mübarizədə qalib edən də elə məhz bu deyim oldu.
Kommunizm quruluşunun düşünənləri repressiyalardan canlarını qurtarmaq, özlərini təsdiqləmək üçün Birləşmiş Ştatlara axın etdilər. Öz vətənlərində xain kimi qarşılanan bu adamlar, əslində, SSRİ-dən beyin axınının yaranmasına səbəb oldu. Nəticə isə məlumdur: Sovetlər Birliyi süquta uğradı.
Bəli. Oppenheymer düşüncəsinə görə, linç olma təhlükəsindən xilas oldu. Daha doğrusu, ictimaiyyət bütün o zamankı kommunist xoflu ehkamlara rəğmən, özündə güc taparaq, onun müdafiəsinə qalxdı və uğur qazandı. Birləşmiş Ştatlar cəmiyyəti Eynşteynin filmdə Oppenhaymerə məsləhətindəki qaçıb canını qurtarmalı olan topluma çevrilməkdən yan keçir. Görünür, Amerika kinemotoqrafı “Oppenheymer”i ərsəyə gətirməklə, həm də bu mesajı vermiş oldu. Nəzərə alaq ki, Oppenheymerə bəraət, həm də, ABŞ-ın Yaponiyaya atdığı atom bombasına bəraət kimi diqqət çəkməkdədir.
Əlbəttə, demək olmaz ki, haqqında söz açdığımız bəraət mütləqdir. Hər halda, filmin ideoloji motivi var. O motivdə Oppenheymeri linçə məruz qoymayan, onu damğalamaqdan daşınan toplum necə olsa da, uduşludur. Amma bunu da soruşaq: atom bombasının necə böyük fəlakət olduğunu hiss edən ABŞ sonrakı illərdə nələr etdi? O, dünyaya münasibətdə ədalətli mövqe tutdumu? Xeyr! Bəs, indi necə? Yəqin, dəyərli oxucularımız da bilirlər ki, sualımız tam ritorikdir. Görünən dağa bələdçi lazım deyil.
Əvəz RÜSTƏMOV, “Xalq qəzeti”