Niderlandın Azərbaycan qərəzi nədən qaynaqlanır?

post-img

Ermənistanla Niderland arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib ki, sənəd iqtisadi və siyasi əlaqələrin gücləndirilməsindən tutmuş hibrid təhlükələrlə mübarizəyə qədər müxtəlif sahələri əhatə edir. Bundan əlavə, sənəddə Cənubi Qafqaz ölkələrinin suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipi əsasında sülh və sabitliyin bərqərar olmasına köməklik də nəzərdə tutulub.

A.Mirzoyan mətbuat konfransında Azərbaycanla münasibətlərə də toxunub. Bildirib ki, Yerevan və Bakı beynəlxalq platformalardan qarşılıqlı iddiaların geri götürülməsini müzakirə edirlər: “Bəli, biz beynəlxalq hüquqi platformalarda bir-birimizə qarşı mübahisələrin, iddiaların və şikayətlərin ləğvini müzakirə edirik. Həmçinin Ermənistan–Azərbaycan dövlət sərhədində üçüncü qüvvələrin mövcudluğunun istisna edilməsi kimi məsələlər də diqqət mərkəzindədir. Əgər bütün maddələr razılaşdırılarsa, onların icrası məcburi olacaq”.

Ermənistan XİN rəhbəri əmin olduğunu bildirib ki, konstruktiv yanaşılsa həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərdə irəliləyiş əldə oluna bilər. Mirzoyan onu da deyib ki, Ermənistan artıq Azərbaycana sülh sazişi layihəsinin 12-ci təkliflər paketinə öz cavabını göndərib: “Yaxın zamanda bu sazişin razılaşdırılması, imzalanması və ratifikasiyası ilə bağlı bütün məsələləri Azərbaycan tərəfi ilə müzakirə etmək imkanımız olacaq”.

Yada salaq ki, Bakı və İrəvan uzun müddətdir ki, sülh sazişi üzrə danışıqlar aparırlar. Azərbaycan tərəfinin bildirdiyinə görə, sazişin 17 bəndindən yalnız ikisi razılaşdırılmamış qalır. Bura beynəlxalq iddialardan qarşılıqlı imtina və üçüncü dövlətlərin nümayəndələrinin sərhəddə yerləşdirilməsinin yolverilməzliyi daxildir. Hazırda müzakirələr bu bəndlər ətrafında aparılır.

Mətbuat konfransında Niderlandın Xarici işlər naziri Kaspar Veldkamp da çıxış edib. O bildirib ki, iki dövlət arasında hərbi, o cümlədən silah təchizatı sahəsində əməkdaşlıq nəzərdə tutulmur: “İki ölkə arasında tərəfdaşlıq digər dövlətlərin maraqlarına qarşı yönəlməyib”. Siyasətçi bunu deyərkən Azərbaycan və Türkiyəni nəzərdə tutub. O deyib: “Ermənistan və Niderland arasında imzalanan bəyannamə Hayastanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcəkdir”.

K. Veldkamp daha sonra bildirib ki, Niderland və Aİ həm Ermənistan–Azərbaycan, həm də Ermənistan–Türkiyə münasibətlərinin normallaşmasında maraqlıdır: “Biz Ermənistan hökumətinin bu məsələdə nə qədər irəli getmək istədiyini görürük və bu addımları təşviq edirik. Həmçinin Azərbaycan və Türkiyəni Ermənistanla münasibətləri normallaşdırmaq üçün səyləri davam etdirməyə çağırırıq”.

Niderlandın Xarici işlər nazirinin açıqlaması ilk baxışdan qərəzli görünmür. Amma onun və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərinin Aİ-nin monitorinq missiyasının müşayiəti ilə Ermənistan–Azərbaycan sərhədində olması bu dövlətin anti-Azərbaycan siyasətinin növbəti nümayişi, ölkəmizə qarşı kampaniyasının bir parçasıdır. Görünür, Niderland Aİ-ni öz maraqlarının girovuna çevirən Fransanın təsiri altındadır. Parisin patronajlığı altında Azərbaycana qarşı “binokl diplomatiyası”nda iştirak etmək həvəsinə düşüb. O, Azərbaycan sərhədində qanunsuz müşahidələr aparmaqla sülhə xidmət etmədiyini və müstəmləkəçilik xislətini bir daha ortaya qoyub.

Bu, Niderlandın Azərbaycana qarşı ilk qərəzli münasibəti deyil. Xatırladaq ki, Azərbaycan 30 il davam edən Qarabağ problemini öz gücü hesabına həll etdikdən sonra Amsterdamda Azərbaycana qarşı sanksiyaların tətbiq olunması ilə bağlı çağırışlar artdı. Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən həmin çağırışlara adekvat cavab verildi. Niderland bununla kifayətlənməyərək, 2021-ci ildə Azərbaycanla münasibətlərə baxılması ilə bağlı təkliflər səsləndirdi. 2023-cü ilin sentyabrında baş verən antiterror tədbirlərindən bir qədər sonra Niderland parlamentində Ermənistana silah satışı məsələsi müzakirə olundu. Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi məsələsi yenidən qaldırıldı. Nəhayət, 2024-cü il oktyabrın 10-da Azərbaycan əleyhinə iki qətnamə qəbul olundu. Sözügedən sənədlərdə ölkəmizə münasibətdə törədilmiş hərbi işğal və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları tamamilə gözardı edildi. Bütün bunlar Azərbaycanı əsassız olaraq hədəf alan və Cənubi Qafqaz regionunda real vəziyyəti təhrif edən qərəzli siyasətin davamıdır.

Qətnamədə Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədləri təhrif olunub. Halbuki həmin tədbirlər Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılması və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldilmişdi. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə demişdi ki, Niderland tərəfinin iddialarında “hərbi əsirlər” kimi istinad edilən şəxslər Azərbaycan ərazisində separatçılıq, qəsdən öldürmə, işgəncə, terrorçuluq və digər insanlıq əleyhinə cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir: “Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları, Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var. Buna görə də, qeyd edilən məsələdə Azərbaycana qarşı səslənən bütün fikirlərin heç bir əhəmiyyəti yoxdur”.

Bu barədə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının professoru Aleksey Fenenko bildirib ki, Ermənistan–Niderland razılaşması Fransanın Qafqaz siyasəti ilə əlaqəlidir: “Niderland indiki halda Fransa siyasətinin bələdçisi rol oynayır. Fakt budur ki, fransızların özləri artıq Cənubi Qafqazda baş verən hadisələrə qarışmağa o qədər də həvəsli deyillər. Bundan sonra Niderland kimi vasitəçilərdən istifadə edəcəklər.

Niderland vasitəsilə Ermənistana təkcə fransızlar deyil, amerikalılar da dəstək verəcəklər. Onların hər ikisi Rusiya və Azərbaycandan gələn bütün etirazlara cavab olaraq deyəcəklər: “Bunun bizə dəxli yoxdur? Bu, Niderlandın daxili işidir, probleminizi onunla həll edin”.

Aleksey Fenenko daha sonra qeyd edib ki, Amsterdamın ermənipərəst və anti-Azərbaycan kursu onun Fransadan asılılığı ilə bağlıdır: “Fakt budur ki, Niderlandın siyasəti Fransaya həddən artıq bağlıdır. Ona görə də xarici siyasətdə Parisin maraqlarının faktiki təmsilçisi kimi çıxış edirlər. Özlüyündə Niderland çox kiçik və zəifdir, XVII əsrdəki kimi dünya dövləti olmaq potensialı yoxdur. Bakıya hücumlar və İrəvanla razılaşma, əslində, Amsterdamın qərarları deyil.

Bu baxımdan, İrəvanın Aİ-nin bəzi digər kiçik dövlətləri ilə strateji tərəfdaşlıq sazişləri imzalayacağı ehtimalı böyükdür. Düşünürəm ki, Paris, şübhəsiz ki, bu taktikanı davam etdirəcək. Ermənistanın strateji tərəfdaşı olmağa razılaşacaq daha kiçik müttəfiq tapacaq. Bu, Belçika və ya Lüksemburq da ola bilər. Hətta İspaniya da...”

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət