Bu marşrut regionun iqtisadi inkişafına və təhlükəsizliyinə təminat verəcək
Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu maddəsində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasının zəruriliyi vurğulanır, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının reallaşdırılması nəzərdə tutulurdu.
Prezident İlham Əliyevin bu mühüm tarixi hadisədən az sonra – 2021-ci il fevralın 14-də Horadiz – Ağbənd dəmir yolu xəttinin təməlini qoyması da həmin maddənin icrasına başlanılmasının bariz ifadəsi idi. Azərbaycan, Rusiya və Ermənistanın liderləri arasında 2021-ci il yanvarın 11- də reallaşan üçtərəfli görüş zamanı da nəqliyyat-kommunikasiya sistemlərinin bərpası əsas müzakirə mövzusu kimi diqqətdə idi.
Beləliklə, həmin üçtərəfli Bəyanatla Zəngəzur dəhlizinin yaradılmasına Azərbaycan və Rusiya ilə bərabər Ermənistanın da razılıq verməsi təsadüfi deyildi. Çünki bu coğrafiyada uzun illərdən sonra nəqliyyat-kommunikasiyanın bərpası qərarı mühüm hadisə sayılmaqla və işğalçı ölkə də daxil olmaqla, bütün regional dövlətlərin maraqlarına xidmət edirdi. İnvestisiyaların cəlbi, yeni iş yerlərinin yaradılması, sənaye müəssisələrinin açılması baxımından Zəngəzur dəhlizinin açılması Ermənistana daha vacib idi. Lakin buna baxmayaraq, işğalçı sözügedən bəyanat imzalanandan az sonra adıçəkilən kommunikasiyanın açılması ilə bağlı edilən təklifləri siyasi qısqanclıq baxımından dəyərləndirə bilmədi. Eyni zamanda, bundan Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyə çalışdı. Bununla da növbəti dəfə qlobal və regional əhəmiyyətə malik layihələrdən özünü təcrid etdi.
Bu məqamda bir daha xatırladaq ki, Azərbaycana hər zaman bölgədə davamlı sülhün bərqərar olması üçün əməkdaşlıq amilini yüksək dəyərləndirib və bu baxımdan da Zəngəzur dəhlizinin açılmasını, vaxtilə fəaliyyət göstərən nəqliyyat əlaqələrinin yenidən bərpasını tərəddüdsüz dəstəkləyib. Kapitulyasiya aktına qol çəkən Ermənistan rəhbərliyi isə Azərbaycanın tarixi ərazisindəki Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən hər vasitə ilə yayınıb. Qarşı tərəf bu yöndəki fəaliyyətini siyasi manipulyasiyalarla pərdələyib. Azərbaycan vurğuladığımız kimi öhdəliyinə sadiq qalaraq, Zəngilanın Ermənistanla sərhəddə yerləşən Ağbənd kəndinədək avtomobil və dəmir yollarını çəkib qurtarsa da, işğalçı artıq beynəlxalq leksikona daxil olmuş Zəngəzur dəhlizi ilə bağlı heç bir əməli iş görməyib.
Prezident İlham Əliyev bu il yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə də Zəngəzur dəhlizi ilə bağlı müəyyən məsələləri bir daha xatırladaraq Ermənistanın bu marşrutun yaradılması istiqamətində heç bir əməli addım atmadığını vurğulayıb: “Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”.
Lakin bu gün Zəngəzur dəhlizinin fəaliyyətə başlayacağına heç kim şübhə etmir. Dövlətimizin başçısının sözügedən müşavirədə qeyd etdiyi kimi, heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, ölkəmizin tələbidir və bu tələb Çindən Avropaya daşınan yüklərin daha böyük hissəsinin Orta Dəhlizə cəlbini də reallaşdıracaq. Nəticədə ölkəmizdən keçən yük həcmləri artacaq və bundan Azərbaycan və region ölkələri qazanacaq.
Zəngəzur dəhlizinin açılması həm qlobal, həm də regional logistika baxımından zamanı və xərci azaldacaq. İnfrastrukturun reallaşması Şərq-Qərb marşurutunda məsafəni qısaldacaq. Ən vacib məqamlardan biri isə Qara dənizlə yanaşı, artıq Aralıq dənizinə də çıxış imkanı əldə ediləcək. Rəqabətlilik artacağı üçün qiymətlər də tənzimlənəcək, bu da Azərbaycana cəlb edilən yük həcminin artımına səbəb olacaq. Bu yüklərin cəlbindən isə bütün region ölkələri qazanacaq. Məsələn, Çindən Avropa istiqamətinə 500 min TEU konteyner göndərilərsə, bunun bir qismi Gürcüstan üzərindən, bir qismi isə Zəngəzur dəhlizi vasitəsilə çatıdırlacaq ki, bu isə həm zaman, həm də məsrəflərin azalmasına gətirib çıxaracaq.
Prezident İlham Əliyev çıxışlarının birində Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyətindən danışaraq deyib: “Təkcə Orta Asiya ölkələrinin yükgöndərmə potensialını və oraya Avropa istiqamətindən gedən yükləri nəzərə alsaq görərik ki, hətta biz bütün bu layihələri icra etsək və genişləndirsək, yenə də çatmayacaq. Ona görə Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır”.
Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyətindən bəhs edərkən bir məqama da toxunmaq istərdik. Bunun üçün əvvəlcə Orta Dəhlizin fəaliyyətinə nəzər salaq. Hesablamalar göstərir ki, Çindən Avropaya gedən yük qatarı bu dəhliz vasitəsilə 12 gün ərzində 7 min kilometr məsafə qət edir. Bu da Asiya ilə Avropa arasında qlobal ticarətdə adıçəkilən infrastrukturun nə qədər sərfəli və təhlükəsiz olduğunu göstərir. Halbuki eyni qatar Cənub Dəhlizi üzrə Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Bu mənada Azərbaycan reallaşmasına töhfə verdiyi Orta Dəhliz öz imkanları ilə, şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı sayəsində dünya ticarətinin ən mühüm həlqələrindən biri kimi diqqət çəkir. Yeri gəlmişkən, gələcəkdə Zəngəzur Dəhlizinin də Orta Dəhlizə inteqrasiya ediləcəyi nəzərdə tutulur. Belə halda Azərbaycan ərazisindən illik, təxminən, 35 milyon ton yükün daşınmasına imkan yaranır.
Zəngəzur Dəhlizinin istismara verilməsi ilə, ilk növbədə, Naxçıvan Muxtar Respublikası iqtisadiyyatı milli iqtisadi proseslərə inteqrasiya olunacaq. Bu, Naxçıvanda istehsal edilən sənaye və kənd təsərrüfatı məhsullarının istər ölkəmizin paytaxtına, istərdə də digər regionlara maneəsiz, eyni zamanda, vaxt itkisi olmadan çatıdırlmasını şərtləndirəcək. Bununla yanaşı, respublikamızın digər bölgələrində fəaliyyət göstərən iş adamlarının naxçıvanlı sahibkarlarla ortaq istehsal və biznes layihələrinin həyata keçirilməsinə əlverişli şərait yaranacaq.
Dəhliz Asiya ilə Avropa arasındakı əlaqələndirici imkanların təşəkkülündə mühüm rol oynayacaq, region dövlətləri, eyni zamanda, dünya ölkələri arasında iqtisadi-ticari əlaqələrin şaxələnməsinə təminat yaradacaq. Bütün bunlarla yanaşı, Azərbaycan və Türkiyə dövlətlərinin dostluq və qardaşlıq münasibətlərinin yeni perspektivlər əsasında inkişafına, daha yeni layihələrin reallığa çevrilməsinə, ölkəmizin ərazi bütövlüyünün daha da möhkəmlənməsinə, respublikamızın müəllifi olduğu layihələrin meqaiqtisadi əhəmiyyətinin daha da artmasına müsbət təsir göstərəcək, yeni prioritetlər müstəvisində turizm mobilliyini gerçəkləşdirəcək.
Göründüyü kimi, Zəngəzur dəhlizi böyük iqtisadi əhəmiyyət daşımaqla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, eləcə də Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın inkişafını müsbət təsir göstərməklə bərabər, ölkəmizin yerləşdiyi regionun, o cümlədən Asiya və Avropanın iqtisadiyyatına inteqrasiyanı sürətləndirmək gücündədir.
Bu coğrafiyada belə bir kommunikasiyanın–dəhlizin fəaliyyətə başlaması, ümumiyyətlə, region ölkələrinin–Azərbaycan, İran və Türkiyənin də sosial-iqtisadi yüksəlişinə əsaslı töhfə verəcəyi heç bir şübhə doğurmur. Dəhlizin Qərb ilə Şərq arasında olan iqtisadi əlaqələrin dərinləşməsinə, yaranan ticarət həlqəsinə əlavə dəyər verməsinə önəmli təsir göstərəcəyi də böyük əhəmiyyət daşıyan bir faktdır.
Transregional önəmə malik olan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında ticarət əlaqələrinin diversifikasiyalaşmasına xidmət edəcək. Bir sözlə, regional əməkdaşlığın gücləndirilməsi və region ölkələrinin iqtisadi təhlükəsizliyin artırılması fonunda adıçəkilən dəhliz layihəsinin icrası nəzərəçarpacaq dərəcədə dəyişikliyə gətirib çıxaracaq.
Beləliklə, avtomobil yolu ilə birlikdə inşa olunacaq dəmir yolu (Zəngəzur dəhlizi) muxtar respublikanı Ermənistanın yaratdığı blokadadan çıxaracaq, regiondakı nəqliyyat – kommunikasiya şəbəkəsinə yenilik gətirməklə dünyanın nəqliyyat xəritəsini dəyişəcək, dövlətlərarası daşımaların xərcini, ünvanlara çatdırılma müddətini xeyli azaldacaq. Ölkəmizin təşəbbüsü ilə reallaşacaq bu dəhlizin açılması Azərbaycan diplomatiyasının uğuru olmaqla, Ermənistan üzərindəki hərbi Zəfərimizin davamı, iqtisadi Qələbəmiz, dünyada möhkəmlənən nüfuzumuzun təsdiqi olacaq.
Vaqif BAYRAMOV
XQ