Moskvada Prezident İlham Əliyevin Prezident Vladimir Putinlə görüşü olub

post-img

Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.

Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:

– Hörmətli İlham Heydər oğlu. Hörmətli həmkarlar.

İlk növbədə, Sizi bir daha salamlamaq və Azər­baycan Prezidentinə Avrasiya İqtisadi Birliyi çər­çivəsində bizim bugünkü görüşümüzə qoşulması qərarını qəbul etdiyi üçün təşəkkür etmək istəyirəm. Artıq deyildiyi kimi, formal olaraq qonaq qismində, lakin həqiqətən, İlham Heydər oğlu haqlıdır, bu, çox şərti addır, çünki Azərbaycan ilə Avrasiya İqtisadi Birliyinin iştirakçısı olan bütün ölkələr arasında mü­nasibətlərin səviyyəsi və xarakteri ciddi, dərin məna daşıyır. İqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və bütün xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi istiqamətində irəliləyir. Mən çox istərdim ki, gələcəkdə də belə davam etsin, çünki re­gional əməkdaşlıq potensialı çox yüksəkdir.

İkitərəfli əsasda götürüldükdə, ümumilikdə Rusiya–Azərbaycan münasibətləri yüksək səviyyə­dədir, həmçinin ardıcıl olaraq, bərabərhüquqlu prin­siplərlə, bir-birinin maraqlarını nəzərə almaqla və 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşı­lıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun şəkil­də inkişaf edir. Biz hamımız buna çox şadıq.

Bu il Heydər Əlirza oğlu Əliyevin 100 illiyi bay­ram edilir. Siz həm Sovet İttifaqının, həm də müstəqil Azərbaycanın bu siyasi xadiminə bizim münasibəti­mizi bilirsiniz. Bu görkəmli siyasi xadim ölkələrimizin tarixində birləşdirici simadır. O da yaxşı məlumdur ki, biz Rusiyada bu yubileyi layiqincə qeyd etdik. Dövlət Dumasında və Federasiya Şurasında sərgilər keçirildi, televiziyada sənədli filmlərin nümayişi oldu. Rusiya Federasiyasının regionlarında da çoxlu təd­birlər oldu. Bu tədbirlər təkcə paytaxtda keçirilmədi, həmçinin Heydər Əliyevin daim xatırlandığı Kazan­da, Həştərxanda, Dağıstanda, BAM-da, o cümlədən, Moskva–Tında qatarının təntənəli yola salınması və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi BAM-ın tikintisinə kuratorluq edən Heydər Əliyevin adının verildiyi Anqoya stansiyasında da tədbirlər oldu. 

Bunlar mənim əvvəldə söyləmək istədiklərimdir və mətbuat çıxandan sonra biz başqa məsələlər barədə də danışarıq. Buyurun.

***

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

– Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, Avrasiya İqtisadi Birliyinin sammitinə dəvətə görə bir daha təşəkkürümü bildirirəm. 

Bu gün qeyd olunduğu kimi, mən bu təşkilatın sammitində ilk dəfədir iştirak edirəm. Baxmayaraq ki, biz artıq həmkarlarla fikir mübadiləsi aparmı­şıq, həm Müstəqil Dövlətlər Birliyinin, həm də digər beynəlxalq təşkilatların platformalarında və əlbəttə, ikitərəfli formatda müntəzəm işləyirik. 

Heydər Əliyevin xatirəsinə göstərilən yüksək hör­mətə görə təşəkkür etmək istərdim. Biz bunu yüksək dəyərləndiririk, Azərbaycanda bütün bunları çox yax­şı bilirlər. Sizin qeyd etdiyiniz kimi, yubiley tədbirləri həm Moskvada, həm dövlət hakimiyyət təsisatların­da, həm də regionlarda keçirilib.

Onu deməliyəm ki, Heydər Əliyev və Siz, Vladimir Vladimiroviç, Rusiya ilə Azərbaycan arasında münasibətlərin ha­zırkı səviyyəsinin əsasını qoymusunuz. Məhz Sizin 2001-ci ildə Azərbaycana səfərinizdən sonra münasibətlər key­fiyyətcə yeni səviyyəyə yüksəldi və biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiririk. Siz qeyd etdi­yiniz kimi, ötən ilin əvvəlində biz Müttə­fiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bə­yannamə imzaladıq və icra edirik. Bu, bizim münasibətlərimizin ruhunu və xa­rakterini, ölkələrimizin daha sıx qarşılıqlı əlaqələrə səylərini əks etdirən mühüm siyasi sənəddir. 

Əlbəttə, biz bu gün regional məsələlərdən də danışacağıq. Fürsətdən istifadə edərək, Azərbaycan ilə Ermənis­tan arasında münasibətlərin normallaşdı­rılması işində səylərinə görə Rusiya tərə­finə minnətdarlığımızı bildirmək istərdim. Biz bu səyləri çox yüksək dəyərləndiririk. Bu gün keçiriləcək üçtərəfli görüşdə Sizin iştirakınız da Azərbaycan və Ermənista­nın nəhayət sülh razılaşmasına gəlmə­sinə Rusiya Federasiyasının necə böyük əhəmiyyət verdiyini göstərir. Fikrimcə, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbər­liyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərmək­lə Azərbaycanın ərazi bütövlüyünün ta­nınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Çünki bu, başlıca amil idi ki, biz razılığa gələ bilmirdik. 

Vladimir Vladimiroviç, bir daha ümid edirəm ki, bu gün biz üçtərəfli formatda da iki ölkə arasında münasibətlərin nor­mallaşdırılması istiqamətində daha bir addım atacağıq. 

İkitərəfli gündəliyə gəlincə, o, kifayət qədər genişdir. Onu ətraflı nəzərdən ke­çirəcəyik. Dəvətə görə bir daha sağ olun.

 

AZƏRTAC

Rəsmi xronika