Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Unutmadıq, unutmayacağıq” adlı konfrans keçirilib. İğdır Kültür Mərkəzində İğdır Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilən tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak edib.
Komitədən verilən məlumata görə, konfrans Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi və bütün türk dünyası şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, Türkiyənin millət vəkilləri Cantürk Alagöz, Şamil Ayrım, professor Oğuzxan Aydın və başqaları çıxış edərək faciənin tarixinə nəzər salıb, türk dünyasının qüdrətindən danışıb, Azərbaycan-Türkiyə dostluğunun əbədiliyinə diqqət çəkiblər.
Komitə sədri Fuad Muradov 20 Yanvar faciəsinin baş verdiyi tarixi şəraiti xatırladıb, hər zaman Azərbaycanın yanında olan Türkiyə xalqına təşəkkür edib, Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımızla iş sahəsində tövsiyələrini diqqətə çatdırıb, Türkiyədə yaşayan azərbaycanlılara göstərilən diqqətə görə minnətdarlıq edib.
İğdır valisi Ercan Turan qeyd edib ki, heç bir tarix həqiqət, o cümlədən Qarabağda törədilən faciələr unudulmayacaq, unutdurulmayacaq.
Konfransda müasir Azərbaycan tarixinin müxtəlif mərhələlərinə nəzər salınıb, Ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı tarixi çıxışı xatırlanıb, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunmasından duyulan qürur hissi dilə gətirilib. Dövlət başçısının çıxışlarının, 20 Yanvar hadisələrinin, eləcə də xaricdəki Azərbaycan icmalarının keçirdikləri aksiyaların əks olunduğu videomateriallar maraqla izlənilib, alqışlarla qarşılanıb.
Yüzlərlə insanın qatıldığı konfransın iştirakçıları 20 Yanvarın əslində faciə deyil, qəhrəmanlıq tarixi, igidlik dastanı olduğunu bildirib, Qanlı Yanvar şəhidlərinin əziz xatirəsinin bütün Türk dünyasının qəlbində daim yaşayacağını vurğulayıblar.
P.ƏMİRCANOV
XQ