Özbəkistanda keçirilən tədbirlərdə Azərbaycan nümayəndələri də iştirak edib

post-img

Beynəlxalq Saxsı Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın Kokand və Riştan şəhərlərində Dulusçuluq üzrə ikinci beynəlxalq festival və konfrans keçirilib.

Tədbirlərdə dünyanın 70 ölkəsindən gələn dulusçular, sənətşünaslar, ekspertlər, bu sahənin mütəxəssisləri, saxsı sahəsinin usta və şagirdləri, tədqiqatçılar, dünyanın müxtəlif ölkələrindən gələn biznes sahəsinin nümayəndələri iştirak edib. 

Kokand şəhərindəki qədim Abdullaxan malikanəsinin qarşısındakı mərkəzi parkda təşkil olunan sərgidə hər ölkənin ayrıca guşəsi təşkil edilib, burada iştirakçıların əl işləri nümayiş olunub, ölkələrn bu sahədəki fəaliyyəti haqqında qonaqlara məlumat verilib.  

Azərbaycandan bu tədbirə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə dəri rəssamları, miniatür və qurama ustaları Pərvanə və Lalə Eyyubovalar, ağac üzərində oyma üzrə sənətkarlar-Ələkbər Məmmədov və Tofiq Əliyev qatılıb və onlar öz əl işlərini nümayiş etdiriblər. 

Guşədə Mədəniyyət Mərkəzinin kitab və suvenirlərdən ibarət sərgisi də  göstərilib. Stenddə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatına dair nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən buraxılan kitablar, Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər, Azərbaycan dövlətçiliyinə dair kitablarla da nümayiş etdirilib.           

Festivalın açılış mərasimində Özbəkistanın “Xunarmand” (Dulusçuluq) Assosiasiyasının sədri Uluqbek Abdullayev və Fərqanə vilayəti hakiminin müavini Feyzulla Qasımov bu beyvəlxalq tədbirin əhəmiyyəti, dulusçuluq sənətinin genişləndirilməsi, bu sahəyə verilən diqqət haqqında iştirakçılara məlumat veriblər. 

Festivalın ikinci günü Böyük İpək Yolunun üzərində olan qədim Riştan şəhərində dünyada tanınan məşhur dulusçu Əlişir Nəzirovun böyük emalatxanasında keçirilən sərgi  və “XXI əsrdə dulusçuluq sənəti:ənənə və müasirlik” adlı konfransda da Azərbaycandan gələn qonaqlar iştirak ediblər. Həm Kokand, həm də Riştan şəhərlərində keçirilən sərgilərdə Azərbaycandan gələn sənətkarların əl işlərinə böyük maraq olub. Pərvanə və Lalə Eyyubovaların dəri üzərində çəkdikləri rəsm əsərləri  maraqla qarşılanıb. 

Konfransda bildirilib ki, Riştan şəhəri bütün dünyada dulusçuluq və saxsı sənətkarlığı mərkəzi kimi tanınıb. Riştanda bu sahənin tanınmış ustaları İbrahimcan Kamilov, Babacan Nişanov, Hakimcan Səttarov, Rustamcan Usmanov, Əlişir Nəzirov, Şərafəddin Yusubov, Taxircan Xaydarov və digərləriinin  əl işləri bütün dünyaya yayılıb. Riştan ustaları Amerika Birləşmiş Ştatları, İran, Misir, Böyük Britanıya, Fransa, Polşa, İsveçrə, İraq və digər dövlətlərdə keçirilən beynəlxalq sərgilərdə bu qədim şəhərə diplom və medallarla qayıdıblar. 

Deylib ki, Özbəkistanda Fərqanədən başqa Səmərqənd və Xarəzm dulusçuluq məktəbləri də fəaliyyət göstərir və bunlarını hər birinin özünəməxsus üslubu və istiqaməti var. Bu məktəblərdə yüzlərlə gənc şagird-ustalar bu sənətin incəliklərini öyrənirlər. Festival çərçivəsində yerli və xarici dulusçuların, dizaynerlərin, kulinarların, kukla ustalarının iştirakı ilə usta dərsləri də keçirilib. 

Xarici və yerli ustalar, dizaynelər və iqtisadçıların iştirakı ilə “Dulusçuluq və bazar iqtisadiyyatı” adlı dəyirmu masa da keçirilib. 

Qulu Kəngərli

“Xalq qəzeti”nin xüsusi müxbiri

Kokand-Riştan      

 











Mədəniyyət