Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən hər il yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilərək dəqiqləşdirilməsinə başlanılır. Siyahılar qanunvericiliyin tələblərinə uyğun olaraq ilk növbədə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik seçicilər barədə təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunur və Mərkəzi Seçki Komissiyasına təqdim edilir.
Ardıcıl və sistemli şəkildə müvafiq işlər görüldükdən sonra siyahılar aşağı seçki komissiyaları tərəfindən təsdiqlənir, dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə olunmaqla ictimailəşdirilir. Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, yerli icra strukturları, bələdiyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində reallaşdırılan və aşağı seçki komissiyalarının otuz səkkiz mindən artıq üzvü cəlb olunan dəqiqləşdirmə prosesinə mayın 30-dək yekun vurulur.
2025-ci il üzrə daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin başa çatması ilə əlaqədar mayın 26-da Komissiyanın inzibati binasında öncə dəqiqləşdirmə prosesinin texniki və praktiki mexanizmlərinə həsr olunan təqdimat mərasimi keçirilib. Mərkəzi Seçki Komissiyasının üzvləri və media mənsublarının iştirakı ilə əyani şəkildə reallaşdırılan tədbirdə seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsində dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlar, daha da təkmilləşdirilən proqram təminatları, o cümlədən operativ və keyfiyyətli fəaliyyəti təmin edən xüsusi proqram modulları barədə ətraflı məlumat verilib.
Təqdimat mərasiminin ardınca Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. İclasda 2025-ci ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi məsələsinə baxılıb. Komissiya sədri təqribən beş ayı əhatə edən irimiqyaslı fəaliyyətin başlıca mərhələləri barədə danışıb, mühüm məqamları diqqətə çatdırıb. M.Pənahov, həmçinin dəqiqləşdirmə prosesinə yaxından köməklik göstərən Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlara təşəkkürünü bildirib.
İclasda 2025-ci ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi, Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək, Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiq olunduqdan sonra komissiyanın internet saytında yerləşdirilməklə ictimailəşdirilməsi qərara alınıb. Qeyd etmək lazımdır ki, dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 6302093 seçici daxil edilib ki, onların 47,57 faizi kişi, 52,43 faizi isə qadınlardır.
İclasda komissiyanın 2025-ci il mayın 22-də keçirilən iclasının protokolu da təsdiq olunub, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
XQ