Azərbaycan və Türkiyə parlamentlərinin ictimai diplomatiya nümunəsi

post-img

Dekabrın 7-də ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov müstəqilliyimizin bərpasının xalqımız üçün tarixi bir nemət olduğu kimi, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət daşıdığını söyləyib.

Onun sözlərinə görə, artıq dünya beynəlxalq münasibətlər sisteminin, beynəlxalq hüququn yeni reallıqlara uyğunlaşdırılmasına məhkumdur. “Təəssüflə qeyd etmək lazımdır ki, İkinci Dünya müharibəsindən sonra hüququn ali olmasını təmin etmək məqsədilə yaradılmış beynəlxalq münasibətlər sistemi də, beynəlxalq hüquq sistemi də çöküb və bunun alternativi olaraq güc amili meydana gəlir. İndi güc beynəlxalq hüququn çox ciddi alternativinə çevrilir”, - deyə parlament sədrinin birinci müavini əlavə edib.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay ölkələrimiz arasında münasibətlərin xüsusi əhəmiyyətə malik olduğunu deyib. F.Oktay diqqətə çatdırıb ki, bu il Azərbaycan parlamentinin 106-cı ildönümü ilə yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk dəfə seçkilərin keçirilməsi ilə əlamətdardır.

Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunan TBMM-in komitə sədri vurğulayıb ki, regionda sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi vacib məsələdir. Bu cür beynəlxalq tədbirlər iki qardaş ölkə arasındakı əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir.

Daha sonra konfransda “Parlamentlərin ictimai diplomatiyada rolu” mövzusunda müzakirələr aparılıb.

Müzakirələrdə Milli Məclis sədrinin müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini Orhan Erdem, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, TBMM-in üzvü Nurhayat Altaca Kayışoğlu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, TBMM-in Türkiyə-Avropa İttifaqı Birgə Parlament Komitəsi həmsədrinin müavini Konur Alp Koçak çıxış ediblər.

Tədbirdə Azərbaycan və Türkiyə parlamentlərinin ictimai diplomatiya sahəsindəki rolu, ortaq layihələrin həyata keçirilməsi, regional və qlobal çağırışlara birgə cavab vermək məqsədilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də əməkdaşlığın dərinləşdirilməsi və ictimai diplomatiyanın səmərəliliyinin artırılması istiqamətində məsələlər müzakirə olunub.

XQ



Son xəbərlər