Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Beynəlxalq Elm və Sənət Tədqiqat Mərkəzi və Türkiyə İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə I Beynəlxalq Avrasiya Elmi Araşdırmalar və İnnovasiyalar Konfransı keçirilib.
Konfransın plenar iclasında MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov kitabxananın yaranma tarixi, fondu və fəaliyyət istiqamətləri haqqında iştirakçılara ətraflı məlumat verib. O, MEK-nin Azərbaycanın elm və mədəniyyətinə verdiyi töhfələri vurğulayaraq, xüsusi olaraq Qarabağ müharibəsi qəhrəmanları fondunda toplanan nəşrlərdən danışıb. Qeyd edib ki, bu fondda Qarabağ müharibəsi iştirakçıları və qəhrəmanları haqqında kitablar, elmi araşdırmalar və digər qiymətli materiallar toplanıb. Bu nəşrlər müharibənin tarixi və cəmiyyətə olan təsiri barədə geniş məlumat verir.
MEK direktoru bildirib ki, AMEA-nın bir hissəsi olan kitabxana alimlərə, tədqiqatçılara və tələbələrə geniş məlumat bazası və resurslar təqdim etməklə, elmi araşdırmaların inkişafına töhfə verməyə davam edir.
İKSAD-ın Azərbaycan üzrə baş koordinatoru Əlvan Cəfərov və konfransın qrup rəhbəri Yasəmən Ağaoğlu azərbaycanlı yazarların kitablarının QR kodlarının yerləşdirildiyi elektron plakatı MEK oxucularının istifadəsi üçün kitabxanaya hədiyyə ediblər və yaradılan şəraitə, MEK-in kollektivinə minnətdarlıqlarını bildiriblər.
Konfransda 250-yə yaxın məruzə və təqdimat dinlənilib. Sonda konfransın iştirakçılarına sertifikatlar təqdim olunub.
XQ