Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 9-da və 10-da Gəncə Şəhər Baş Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.
Gəncə, Goranboy, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlarından qəbula gələn 323 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Nazir V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
Səfər çərçivəsində V.Eyvazov DİN Daxili Qoşunlarının Gəncədə yerləşən hərbi hissəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Polis əməkdaşlarının və hərbi qulluqçuların xüsusi-taktiki təlimlərini izləyən nazir onların peşə və döyüş hazırlığını yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Sonda daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib. Vətən müharibəsinin 41 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 248 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
XQ