Bakıda Azərbaycan–Bolqarıstan işgüzar müzakirəsi

post-img

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib.

Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bolqarıstanın energetika naziri Vladimir Manilov iştirak ediblər. 

Forumun açılışında çıxış edən M.Cabbarov Azərbaycan ilə Bolqarıstanın əməkdaşlıq əlaqələrindən danışıb. Qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin əsasında yalnız neft-qaz sahəsindəki əməkdaşlıq əlaqələri dayanmır: “Bolqarıstan Azərbaycandan təbii qaz idxal edir. Lakin bununla yanaşı qeyri-neft sektorunda da əməkdaşlıq etmək üçün böyük potensial var. Bolqarıstanın iş adamları Azərbaycana sərmayə yatırıb biznes qura bilərlər. Bu gün keçirilən biznes forumunun da məqsədi hər iki ölkənin iş adamları və biznes strukturları arasında əlaqələrin yaradılmasından ibarətdir”.

Bolqarıstanın energetika naziri Vladimir Manilov bildirib ki, Bolqarıstan ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqələr artıq strateji xarakter daşıyır: “Hər iki dövlətin başçısı siyasi iradə ortaya qoyaraq bütün sahələr üzrə yaxın əməkdaşlıq əlaqələrinin qurulması niyyətində olduğunu bildiriblər. Azərbaycan biznesinin Bolqarıstanın iqtisadiyyatında iştirak etməsi üçün heç bir məhdudiyyət yoxdur. Hər iki ölkədə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin B2B formatında keçiriləcək görüşündə qarşılıqlı əlaqələrin qurulacağı şübhəsizdir. Cari ilin iyul ayında Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. İclasda nəqliyyat, tranzit, Azərbaycanda istehsal olunan yaşıl enerjinin Avropaya tədarükü və digər aktual məsələlər müzakirə olunacaq”.

Sonra Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Dimitri Bratanov, AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək Azərbaycandakı biznes mühiti, şirkətlərin fəaliyyəti, sərmayə yatırımı haqqında qanunvericilik barədə məlumat veriblər.

Forumda rəsmi şəxslərlə yanaşı, sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı, İKT, neft-qaz, inşaat, mühəndislik xidmətləri, mebel, sığorta, konsaltinq, ticarət və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri də iştirak edərək qarşılıqlı əməkdaşlıq və sərmayə yatırımı barəsində müzakirələr aparıblar.

XQ

 

Son xəbərlər