Bu gün Azərbaycan enerji keçidi üzərində fəal işləyir, o, ev sahibliyi edəcəyi COP29-a hazırlaşır, bununla yanaşı ölkənin öz enerji keçid proqramı var.
Bunu maliyyə naziri Samir Şərifov Gürcüstanın paytaxtında Asiya İnkişaf Bankının 57-ci illik toplantısı çərçivəsində keçirilən “Transformasiya üçün iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində nəticələrin əldə edilməsi” adlı seminarda bildirib.
Onun sözlərinə görə, bu proqram 2030-cu ilə qədər istehlak olunan enerjinin 30 %-ni bərpa olunan enerji mənbələrindən istehsal etmək məqsədi daşıyır.
“Buna nail olmaq üçün biz özəl şirkətlər və beynəlxalq investorlarla bir sıra investisiya müqavilələri bağlamışıq. Bu məqsədlə birbaşa xarici investisiyaları cəlb edirik. Amma bu gün deyildiyi kimi, dövlətlərdən dəstək olmasa, biz özəl sektoru cəlb edə bilmərik, onun maliyyələşdirilməsini səfərbər edə bilmərik”.