Martın 13-də xarici işlər naziri Ceyhun Bayramov Yunanıstanın ölkəmizdə səfərdə olan xarici işlər nazirinin müavini Aleksandra Papadopulunu qəbul edib.
Görüşdə tərəflər Azərbaycanla Yunanıstan arasında ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq əlaqələrini, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi və regional məsələləri müzakirə ediblər. İki ölkə rəhbərləri arasında artan təmasların, XİN-lər arasında keçirilmiş siyasi məsləhətləşmələrin münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıblar. Tərəflər siyasi, iqtisadi, ticarət, energetika, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə münasibətləri inkişaf etdirməyin və xalqlarımızın mənafelərinə uyğun əməkdaşlığı genişləndirməyin vacibliyini vurğulayıblar.
Ceyhun Bayramov ötən ilin dekabr ayında həmkarı, Yunanıstanın xarici işlər naziri ilə keçirilmiş görüşü məmnunluqla xatırlayıb, siyasi təmaslarla yanaşı, Azərbaycan Hökuməti ilə Yunanıstan Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın işinin intensivləşməsinin zəruriliyini qeyd edib.
Tərəflər, həmçinin iki ölkə arasında energetika sahəsində əməkdaşlığın əhəmiyyətini təsdiqləyərək, Cənub Qaz Dəhlizi, Trans-Adriatik boru kəməri, eləcə də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun müstəsna əhəmiyyətini diqqətə çatdırıblar. Bu xüsusda, iki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlığın regionun inkişafına və sabitliyinə töhfə verəcəyi, qarşılıqlı maraq doğuran digər sahələri də əhatə edəcəyinə əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, antiterror tədbirlərini şərtləndirən amillər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, habelə sülh müqaviləsi gündəliyi, azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri istiqamətində atılan addımlar barədə ətraflı məlumatlandırıb.
XQ