Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılması ilə əlaqədar Müdafiə Nazirliyində brifinq keçirilib.
Brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov media nümayəndələrinə vəziyyət barədə məlumat verib. Bildirilib ki, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə mütəmadi atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.
Eyni zamanda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər tərəfimizdən aparılan müşahidələrlə təsbit edilib.
Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanıb. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır.
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.
Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır”, - deyə A.Eyvazov diqqətə çatdırıb.
Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.
Qeyd edilib ki, keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb.
***
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumata görə, general-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb. Cənab Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.
***
Mülki infrastrukturumuzu hədəfə alan Ermənistan silahlılarına məxsus top qurğusu məhv edilib
***
Ermənistan silahlılarına məxsus hərbi təyinatlı radiotexniki qovşaq zərərsizləşdirilib.
***
Xocavənd rayonu istiqamətində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus P-18 radiolokasiya stansiyası (RLS) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
***
Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırırıq. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda, səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır.
Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq.
Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq.
Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.
***
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib. Brifinqdə çıxış edən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verib. Bildirilib ki, bölgədə başladılan lokal xarakterli antiterror tədbirlərinin məqsədi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.
Bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektlərinin hədəfə alınmadığı, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflərin sıradan çıxarıldığı xüsusi vurğulanıb.
Sonda brifinqdə qeyd edilən faktlarla bağlı videomateriallar nümayiş olunub və nümayəndələri maraqlandıran suallar cavablandırılıb.
***
Xocalı rayonu və Qırmızı Bazar istiqamətində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri bölmələrimizin sərrast atəşi nəticəsində məhv edilib.
***
Ermənistan silahlılarına məxsus növbəti sığınacaq və döyüş texnikası məhv edilib.
***
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır: “Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”.
***
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti uzunmüddətli atəş nöqtələri və hərbi təyinatlı obyektlər bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib.