Xırdalan şəhərində Azərbaycançılıq mövzusunda tədbir

post-img

"Müasir İnkişaf” İctimai Birliyi 01 iyul – 31 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq – dünya azərbaycanlılarını birləşdirən ideologiya” adlı layihə həyata keçirir. Layihə çərçivəsində növbəti - ikinci tədbir Xırdalan şəhərində, Abşeron rayonundakı orta məktəblərin müəllimlərinin iştirakı ilə keçirilib. 

Tədbirdə çıxış edən “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın şöbə müdiri, BDU-nun müəllimi Mübariz Göyüşlü qeyd edib ki, azərbaycançılıq ideologiyası XIX əsrin sonlarından etibarən formalaşmağa başlayıb. O, həmin tarixlərdə Azərbaycan ziyalılarınını mətbuatda bu istiqamətdə müzakirələr açdığını, “biz kimik?”, “millətimizin adı nədir?” kimi suallara cavab tapmağa çalışdıqlarını söyləyib.

M.Göyüşlü qeyd edib ki, bu müzakirələr sonradan siyasi şüurun formalaşmasına və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirib çıxardı. AXC-nin çox möhtəşəm işlərə imza atdığını deyən çıxışçı bolşevik işğalı nəticəsində hər şeyin yarımçıq qaldığını qeyd edib. Onun sözlərinə görə sovet dövründə milli məsələlərlə bağlı müzakirələr dayandırılsa da imperiaynın son illərində ziyalılar yenidən fəallaşdılar: Nəticədə milli müqavimət hərəkatı formalaşdı SSRİ süqut etdi və biz azərbaycanlı kimliyi ilə, Azərbaycançılıq ideologiyası altında azadlığa çıxdıq. Torpaqlarımız işğal olundu. Lakin ideologiyamız bizə təslim olmağa imkan vermədi və 2020-ci ildə torpaqlarımızı azad etdik, möhtəşəm zəfərə imza atdıq”. Artıq Azərbaycanın yeni bir inkişaf mərhələsəinə qədəm qoyduğunu deyən M.Göyüşlü bundan sonrakı hədəf olaraq güclü Azərbaycanı qurmağa çalışmaq lazım olduğunu söyləyib. 

Xırdalan şəhəri 2 nömrəli orta məktəbin müəllimi Sevinc Abdullayeva tarix və ədəbiyyat müəllimlərinin gənclərin yetişməsində çox böyük rola malik olduğunu vurğulayıb. O, şagirdlərin vətənpərvər ruhda böyüməsi üçün müəllimlərlə yanaşı dərsliklərin də vacib rolundan söz açıb. 

Sonda bu cür tədbirlərin regionlarda müntəzəm şəkildə keçirilməsinin vacibliyi vurğulanıb. 

Qeyd edək layihə çərçivəsində ilk tədbir 2023-cü ilin iyul ayında Bakı şəhərində keçirilib. Bundan başqa layihə çərçivəsində mövzuyla bağlı mütəxəssislərin 8 videomüsahibəsi hazırlanıb, Yeni Media internet TV-də paylaşılıb və minlərlə baxış toplayıb. Bundan sonra Xaçmaz və Şamaxı rayonlarında daha iki tədbir də keçiriləcək. 

Anar Əli,
"Xalq qəzeti"

Son xəbərlər