Azərbaycan–Qırğızıstan tərəfdaşlığı yeni mərhələdə

post-img

İyulun 26-da Qırğız Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov Çolpon-Ata şəhərində Qırğızıstanın Nazirlər Kabinetinin sədri Akılbek Japarov ilə görüşüb.

Söhbətdə Azərbaycan ilə Qırğızıs­tan arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Tərəflər yüksək səviyyədə keçirilən qarşılıqlı səfərlərin və bu səfərlər zama­nı imzalanmış sənədlərin əməkdaşlığın möhkəmləndirilməsində və genişləndiril­məsində aparıcı rolunu qeyd ediblər.

Çolpon-Ata şəhərində keçirilən Azər­baycan Respublikası ilə Qırğız Respub­likası arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclasının vacibliyi vur­ğulanıb.

Görüşdə Azərbaycan–Qırğızıstan qarşılıqlı faydalı tərəfdaşlığının iqtisadi-ti­cari, investisiya, nəqliyyat-tranzit, kənd təsərrüfatı, mədəni-humanitar, turizm və digər sahələrdə inkişafının perspektivləri müzakirə olunub.

***

İyulun 26-da Qırğızıstan Respub­likasının Çolpon-Ata şəhərində Azər­baycan–Qırğızıstan biznes forumu ke­çirilib.

Biznes forumda çıxış edən Ə.Əhmə­dov bildirib ki, son qarşılıqlı səfərlər za­manı iki ölkənin prezidentləri tərəfindən qarşıya qoyulmuş vəzifələr və müəyyən edilmiş istiqamətlər Azərbaycan və Qırğı­zıstan sahibkarları üçün mühüm siqnaldır. Azərbaycanın iqtisadi göstəricilərindən danışan Baş nazirin müavini vurğulayıb ki, 2022-ci ildə ölkə iqtisadiyyatı 4,6 faiz artaraq rekord göstəriciyə – təxminən 80 milyard dollara çatıb.

Biznes forumun iştirakçıları dövlət tərəfindən Azərbaycanda investisiya mü­hitinin yaxşılaşdırılması məqsədilə gö­rülən tədbirlər, eləcə də Ələt Azad İqtisadi Zonasının işi haqqında ətraflı məlumat­landırılıblar.

Biznes forum çərçivəsində Azərbay­can Respublikasının və Qırğızıstan Res­publikasının investisiya imkanları ilə bağlı təqdimatlar, eləcə də iki ölkənin sahibkar­ları və investorları arasında bir sıra görüş­lər keçirilib.

***

İyulun 26-da Çolpon-Ata şəhərin­də Azərbaycan Respublikası ilə Qır­ğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib.

İclasda Baş nazirin müavini Əli Əh­mədovun başçılıq etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iş­tirak edib. 

Əvvəlcə Baş nazirinin müavini, ko­missiyanın Azərbaycan Respublikası tərəfindən sədri Əli Əhmədov və Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini, komissiyanın Qırğızıstan tərə­findən sədri Bakıt Torobayev məhdud tərkibdə görüş keçiriblər. 

Sonra iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə birgə hö­kumətlərarası komissiyanın iclası olub. 

Tərəflər Azərbaycan–Qırğızıstan dostluq əlaqələrinin və strateji tərəfdaş­lığının hərtərəfli inkişafından məmnun­luq ifadə ediblər. 

Söhbət zamanı, həmçinin iqtisa­di-ticari əlaqələrin müsbət dinamikası məmnunluqla qeyd olunub. 

Tərəflər, həmçinin qarşılıqlı inves­tisiya qoyuluşunun təşviqinə tərəfdar olduqlarını bildirib, bu kontekstdə Azər­baycan–Qırğızıstan İnkişaf Fondunun təsis edilməsi prosedurunun başa çat­masını yüksək qiymətləndiriblər. 

Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun aktuallığı qeyd olunub. Tərəflər Orta Dəhlizin əlaqələndirilmiş şəkildə rəqəm­sallaşdırılması işinin aparılmasına, həmçinin bu nəqliyyat istiqamətinə əlavə yüklərin cəlb olunması məqsədilə cəzbediciliyinin artırılmasına dair razılıq əldə ediblər. 

Tərəflər, həmçinin bərpaolunan enerji mənbələri, kənd təsərrüfatı, turizm, mədəni-humanitar və digər sahələrdə ikitərəfli qarşılıqlı münasibət­lərin inkişafı perspektivlərini müzakirə ediblər. 

İclasın yekunu olaraq Ə.Əhmədov və B.Torobayev Azərbaycan Respub­likası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əmək­daşlıq üzrə birgə hökumətlərarası ko­missiyanın 5-ci iclasının protokolunu imzalayıblar. 

“Xalq qəzeti”

Son xəbərlər