Azərbaycan - Türkiyə qardaşlığı əbədi və sarsılmazdır

post-img

Dünən Türkiyənin İzmir şəhərindəki 9 Eylül Universitetində Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən natiqlər Türkiyənin istiqlal savaşından, Cümhuriyyətin yaranmasından,  Türk dövlətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün Vətən qarşısında xidmətlərindən danışaraq bu tarixi şəxsiyyətin əvəzolunmaz xidmətlərini qeyd ediblər. Bildirilib ki, böyük Atatürk təkcə qüdrətli Türkiyə dövlətini qurmaqla kifayətlənmədi, eləcə də "Nə mutlu türküm deyənə” şüarı ilə dünyada yaşayan bütün türklərin milli birliyinə nail oldu.

Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru, 9 Eylül Universitetinin məzunu  Rəşad Mahmudov türk millətinin əziz övladı Mustafa Kamal Atatürk tərəfindən qurulan sevimli Türkiyə Cümhuriyyətinin yaranmasından, keçdiyi şərəfli yoldan danışaraq bu gün böyük türk dövlətinin varlığı ilə fəxr etdiyini diqqətə çatdırdı. Rəşad Mahmudov həmçinin, vurğuladı ki, hazırda Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi nəticəsinə biz arzuladığımız əzəmətli və güclü Türkiyəni görürük. Deputat söyləyib ki, məhz Ərdoğanın rəhbərliyi altında Türkiyə  dünyanın sayılıb-seçilən ölkəsi kimi supergüclər sırasına qoşulub.

R. Mahmudov həmçinin, 2023-cü ilin əlamətdar hadisələrlə yadda qalacağını, məhz bu il Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə yanaşı, Türk dünyasında müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin  qədirbilənliklə keçiriləcəyini bildirdi.

Xalqımızın xilaskar oğlu Heydər Əliyevlə bağlı xatirələrindən danışan Rəşad Mahmudov o zaman təhsil aldığı 9 Eylül Universiteti tərəfindən ulu öndərə fəxri doktor adı verilməsi mərasimində bu dahi azərbaycanlını  gördüyünü fəxrlə dilə gətirdi. Qeyd etdi ki, Türk dünyasnın inkişafı üçün müstəsna xidmətlər göstərmiş Heydər Əliyev ümumbəşəri dəyərdir. Çünki bu ləyaqətli türk övladını bütün dünya tanıyır və o əzəmətli şəxsiyyət olaraq daim yaddaşlarda yaşayır.

Deputat  Azərbaycan- Türkiyə münasibətlərinə toxunaraq bildirib ki,  liderlər R.T. Ərdoğan və İlham Əliyevin xidmətləri nəticəsində ölkələrimiz arasında qardaşlıq münasibətləri müttəfiqliyə qədər yüksəlmişdir. Bütün sahələri əhatə edən birlik bütün dünya üçün nümunədir və bunun əbədi olacağına heç kim şübhə etməsin.





Son xəbərlər