“Çin Enerji İnşaat Korporasiyası”na məxsus fotovoltaik modullarla yüklənmiş 45 konteynerlik Çin–Avropa yük qatarı Sian şəhərindən yola düşüb. Bu 2026-cı ildə Çindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə yola düşən ilk qatardır. Yanvarın 1-də yola çıxan qatar Horqos sərhəd-buraxılış məntəqəsindən Qazaxıstana keçərək Xəzər dənizi vasitəsilə Bakıya çatacaq.
Fotovoltaik modulların Bakıya operativ çatdırılması Sian şəhərinin Orta Dəhlizin quruculuğunda fəal iştirakı, eləcə də sözügedən marşrutun üzv tərəfdaşları ilə birgə xərclərin azaldılması və səmərəliliyin artırılması istiqamətində görülən ardıcıl tədbirlər sayəsində mümkün olub. Ötən müddətdə Orta Dəhliz üzrə qatarların hərəkəti xeyli intensivləşib, daşınma müddəti isə 15–23 gündən, təxminən, 11 günədək qısalıb.
Qeyd edək ki, Çin–Avropa yük qatarlarının (Sian) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkətinə 2019-cu ilin oktyabrında strat verilib. 2025-ci il noyabrın sonunadək bu marşrut üzrə, ümumilikdə, 466 qatar reysi həyata keçirilib.
XQ

