Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə əsasən, 2009-cu ildən cari ilin aprel ayının sonunadək Azərbaycan dünya bazarlarına 170 milyard kubmetrdən çox təbii qaz ixrac edib.
MTM-dən bildirilib ki, 2009-cu ildə ölkəmiz yalnız Gürcüstana təbii qaz otürürdüsə, cari ilin ilk 4 ayında Türkiyə, Yunanıstan, İtaliya, Bolqarıstan və Serbiya kimi ölkələrə də təbii qaz ixrac edib.
Bu dövr ərzində ən çox təbii qaz Türkiyəyə ixrac edilib – bu həcm 84,57 milyard kubmetr olub. İkinci sırada isə 37,93 milyard kubmetr ilə İtaliya yer alıb. Ölkəmizdən Gürcüstana isə indiyədək 29,66 milyard kubmetr təbii qaz ötürülüb.
Qeyd edək ki, Avropa ölkələrindən Yunanıstan 2020-ci ildən, Bolqarıstan və İtaliya isə 2021-ci ildən davamlı olaraq ölkəmizdən təbii qaz idxal edir.