Paytaxt ətrafında yeni avtovağzal

post-img

Martın 4-dən etibarən bölgələrə sərnişindaşımanı təmin edən yeni nəqliyyat məkanı fəaliyyətə başlayıb. Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.

Bildirilib ki, “Azerbaijan Ground Service” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edilir. Bundan da məqsəd ticarət mərkəzi və ətraf ərazilərdə sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir. İstifadəyə verilən məkandan sərnişinlərin əsasən ölkənin cənub və qərb bölgələrinə səfərləri təşkil ediləcək. Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq.

İnformasiya panelləri və təhlükəsizlik sistemləri ilə təchiz edilən ərazidə sərnişinlər üçün rahat gözləmə zalları, dayanacaqlar və iaşə obyektləri yaradılıb. Yeni xidmətin təşkili sərnişin məmnunluğunun daha da artırılmasına xidmət edəcək. Vətəndaşlar biletləri “biletim.az” portalı üzərindən onlayn qaydada və kassalardan əldə edə bilərlər.

 

İqtisadiyyat