Duda və Şolts Ukraynaya ciddi dəstək vəd ediblər

post-img

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski Polşa Prezidenti Anjey Duda ilə görüşüb. Məlumatı “Anadolu” verib. 

“Davosda Polşa Prezidenti Anjey Duda ilə görüşdüm. Biz ikitərəfli münasibətlərimizi, xüsusən də Ukraynanın Avropaya inteqrasiyası yolunda qarşılıqlı fəaliyyəti müzakirə etdik. Biz öz mövqelərimizi NATO-nun Vaşinqton sammiti ərəfəsində əlaqələndirmişik. Döyüş meydanındakı vəziyyət barədə məlumat verdim. Biz ölkəmizə gələcək müdafiə dəstəyini müzakirə etdik”, – Zelenski bildirib.

Bu arada Polşa prezidentinin ofisindən bildirilib ki, Duda Ukrayna lideri ilə ikitərəfli görüşdə onu Polşa hökumətinin dəyişməsindən sonra Varşavadan dəstək siyasətinin davam etdiriləcəyinə əmin edib: “Prezident Zelenskini əmin etdim ki, bizim Ukrayna ilə bağlı siyasətimiz sabit olacaq və bundan sonra da dəstək siyasəti olaraq qalacaq”.

Duda əlavə edib ki, bir neçə gündən sonra Zelenski Kiyevdə baş nazir Donald Tusk ilə sakit şəkildə danışıqlara başlaya bilər: “İnanıram ki, bu, bizim birlikdə apara biləcəyimiz yaxşı siyasət olacaq”.

Qeyd edək ki, Almaniya Federal Kansleri Olaf Şolts da ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığında 2024-cü ildə Ukraynaya 7 milyard avro dəyərində silah verəcəklərini bildirib.

“Prezident Bayden və mən razılaşırıq: biz Ukraynaya maliyyə, humanitar və hərbi dəstək verməyə davam etmək istəyirik. Bu gün mən ABŞ prezidenti ilə telefonla danışdım. Almaniya 2024-cü ildə Ukraynaya hərbi məhsullar üçün yeddi milyard avrodan çox vəsait verəcək”.

P.ƏMİRCANOV
XQ

İqtisadiyyat