COP29 dünyanın diqqətini Azərbaycana cəmləyəcək

post-img

COP28 konfransı bəlkə də ilk dəfə idi ki, dünyada bu qədər geniş əks-səda doğurdu. Çünki tədbirdə çox vacib məsələlər və dünyadakı mövcud çağırışlar müzakirə olundu. COP-un konfransları dünya, o cümlədən Azərbaycan üçün olduqca vacib tədbirlərdəndir. Bu, dünyanın əksər ölkələrinin dövlət və hökumət başçılarının, rəsmilərinin, tanınmış şəxslərinın iştirak etdikləri platformadır. Bakıda keçiriləcək tədbirdə də, heç şübhəsiz, dünyada mövcud olan çağırışların həlli yolları, inkişaf tendensiyaları əsas müzakirə mövzularından olacaq.

Bu fikirləri XQ-yə açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov söyləyib.

O qeyd edib ki, “yaşıl iqtisadiyyat”a və alternativ enerji resurslarına keçid hazırda əksər dövlətlərin elan etdiyi və bəşəriyyət qarşısında duran əsas məqsədlərdən biridir. Bu səbəbdən də COP28-də ənənəvi enerji resurslarının dünyada tədricən azalması ilə bağlı müzakirələr aparıldı. Eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı ciddi məsələlər gündəmə gətirildi ki, bu da tədbirin necə böyük əhəmiyyətə malik olduğunu göstərdi. Birləşmiş Ərəb Əmirliklərində keçirilən tədbirdə hər hansı ortaq məxrəcə gəlinmədi və birgə bəyanat imzalanmadı. Ona görə də 2024-cü ildə Bakıda keçiriləcək COP29-da iqlim dəyişikliyi, ənənəvi və alternativ enerji resurslarının gələcək istehsalı, istehlakı ilə bağlı bəyanatın imzalanması üçün böyük şans var. Əlbəttə, COP29-da təxminən 80-100 min insanın Azərbaycana gələcəyi bu tədbirin önəmindən, mötəbərliyindən xəbər verir və dünyanın diqqətini ölkəmizə cəmləyəcək.

Politoloq bildirib ki, COP29 siyasi mənada Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə bir daha çatdırılması, həmçinin ölkəmizin iqtisadiyyatı, turizm potensialı üçün müstəsna əhəmiyyətə və rola malik olacaq.

“Çox təəssüf ki, dünyada iqlim dəyişikliyi ilə bağlı müxtəlif mülahizələr irəli sürülsə də, COP kimi mühüm konfranslar keçirilsə də, hegemon ölkələr, əslində, bəşəriyyət qarşısında dayanan bu problemlərə bir çox hallarda biganə yanaşırlar. Mövcud problemlərin mövcudluğu güclü dövlətlərin apardığı siyasətdən qaynaqlanır. Ümid edirik ki, Bakıda keçiriləcək tədbirin nəticəsi olaraq, hegemon dövlətlər məsələlərin digər ölkələrin də maraqlarına uyğun olması üçün əməli fəaliyyət həyata keçirəcəklər. Əgər belə olarsa, bəşəriyyət qarşısında dayanan problemlər müəyyən qədər həllini tapa bilər”, - deyə politoloq əlavə edib.

Anar ƏLİ

XQ

İqtisadiyyat