İnşaat sektoru respublikada 3-cü böyük məşğulluq sahəsidir

post-img

Bu ilin 5 ayında layihələrin icrasına 6 milyard manatadək vəsait sərf olunub 

Azərbaycan iqtisadiyyatına son 20 ildə ayrılan əsaslı vəsait qoyuluşunun həcmi 100 milyard manatdan çox olub. Nəticə etibarilə ölkə iqtisadiyyatının quruluşunda əhəmiyyətli dəyişikliklər əldə edilib, geniş miqyasda sosial-mədəni obyektlər istifadəyə verilib, irimiqyaslı infrastruktur layihələri həyata keçirilib. 

Naxçıvan Muxtar Respublikasında, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir, Neftçala, Masallı və digər şəhər və ra­yonlarda sənaye məhəllələri, texnopark­lar yaradılıb, iri kimya, maşınqayırma, yüngül sənaye obyektlərinin istifadəyə verilməsi ilə bağlı intensiv işlər görülüb, innovasiya xarakterli texnologiyaların tət­biqinə xüsusi diqqət yetirilib. 

Son illərdə tranzit potensialının daha da artırılması istiqamətində, o cümlədən Avropa–Qafqaz–Asiya nəqliyyat dəhli­zinin fəaliyyəti, Bakı–Tbilisi–Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Şimal–Cənub, Şərq–Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikinti layihələri uğurla davam etdirilib ki, bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə siyasi mövqeyinin, iqtisadi qüdrə­tinin artması üçün mühüm önəm daşıyır.

Respublikada tikinti-quruculuq iş­lərinin sürətləndirilməsinə müsbət təsir göstərən qanunvericilik dəyişikləri icra olunub. Ölkə Prezidenti İlham Əliyevin 2018-ci il 28 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Bəzi tikinti obyektlərinə ti­kintiyə icazə və tikinti obyektinin istisma­rına icazə verilməsi Qaydası”nda dəyişik­lik edilib. Bununla da bu cür sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə alınması reallaşmadığı halda, onların verilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanın­dan (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Ümumiyyətlə, son illərdə islahat tədbirləri tikinti obyektinin inşasına və istismarına icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, dövlət satınalmaları sahəsin­də bütün prosedurların elektron qaydada aparılması ilə rəqəmsal iqtisadiyyata ke­çid istiqamətində mühüm önəm daşıyır. 

Tikinti üçün icazələrin alınması ilə bağlı, elektrik təchizatı şəbəkələrinə qo­şulma, əmlakın qeydiyyatı üzrə “Bir Pən­cərə” prinsipi əsasında proaktiv rejimdə bütün müraciət və qeydiyyat prosedurları onlayn olaraq vahid sistemdə həyata ke­çirilməsinə başlanılıb. Elektron müraciət sistemlərinin istifadəyə verilməsi nəticə­sində artıq sahibkar–məmur təması mi­nimuma endirilib, daha operativ və şəffaf şəkildə icazə sənədlərinin əldə olunması üçün imkan yaradılıb.

Dövlət Statistika Komitəsinin müvafiq məlumatlarına əsaslanıb qeyd edə bilə­rik ki, həyata keçirilən layihələrin icrası nəticəsində ötən il ərzində əsas kapitala yönəldilən 10 milyard manatdan çox və­saitin 9 milyard manatı bilavasitə tikin­ti-quraşdırma işlərinin görülməsinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitin ümumi dəyərində müəssisə və təşkilat­ların vəsaitləri 48,4 faiz, büdcə vəsaitləri 37,3 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, bank kreditləri 2,7 faiz, digər vəsaitlər isə 3,8 faiz təşkil edib.

Bu ilin yanvar-may aylarında isə əsas kapitala yönəldilən 5 milyard 858 milyon manat vəsaitin 327,9 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Həmin vəsaitin 4 milyard 314 milyon manatını və ya 73,6 faizini daxili vəsaitlər təşkil edib və bunun 4 milyard 124,3 milyon manatı və ya 70,4 faizi bi­lavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. 

Respublikada tikinti layihələrinin uğurlu icrasından bəhs edərkən, Qara­bağ və Şərqi Zəngəzur iqtisadi rayon­larında aparılan bərpa-quruculuq təd­birlərinin davamlı şəkildə genişmiqyaslı xarakter almasını deyə bilərik. Bununla əlaqədar son iki il ərzində işğaldan azad olunan ərazilərdə təkcə yol infrastruktu­runun qurulması ilə bağlı görülən işləri xatırlatmaq istərdik. Əvvələ onu bildirək ki, “Azərbaycan Respublikasının işğal­dan azad edilmiş ərazilərinə Böyük Qa­yıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına əsasən, 2026-cı ilədək ümumi uzunluğu 2264,5 kilometr təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Bu layihələrdən uzunluğu 28,5 kilometr olan Tərtər–Çaylı–Suqovuşan–Talış avtomobil yolu 2020-ci ildə, uzunlu­ğu 101,5 kilometr təşkil edən “Zəfər yolu” 2021-ci ildə inşa edilib. 2022-ci ildə Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun (uzunluğu 22 kilometr, 2-3 hərəkət zolaqlı) tikintisi başa çatdırı­lıb.

Ümumilikdə isə ötən il ərzində Azər­baycanda 803,5 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Buraya respublika əhəmiyyətli 234,3 kilo­metr, yerli əhəmiyyətli 398 kilometr, Bakı şəhər yolları 171,2 kilometr təşkil edir.

Tədbirlər Planına uyğun olaraq, la­yihələrdən 12-sinin icrasının 2023-cü, 2 layihənin 2024-cü, 3 layihənin 2025-ci və 1 layihənin isə 2026-cı ildə başa çatdırıl­ması nəzərdə tutulub.

Yeri gəlmişkən, son illər ərzində res­publikada mənzil tikintisi də geniş vüsət alıb. Sosial Tədqiqatlar Mərkəzində iyu­nun 7-də tikinti sektoru sahəsində aktual məsələlərin müzakirəsinə həsr olunan konfransda bu barədə ətraflı danışılıb. 

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquq­ları komitəsinin sədri Zahid Oruc çıxışın­da sovetlər birliyinin süqutundan sonra təkcə sosial-iqtisadi tənəzzül deyil, eləcə də mənzillə təminat sahəsində mənfi ten­densiyalar yalnız Ulu öndər Heydər Əli­yevin hakimiyyətə qayıdışından sonra, 1995-1996-cı illərdə səngiməyə başladı­ğını və ölkə üzrə mənzil şəraitinin inkişa­fında 2000-ci illərdən etibarən yüksələn dinamika müşahidə olunduğunu bildirib: “Belə ki, 2000-ci illərdə istifadəyə verilən yaşayış sahəsi cəmi 487 min kvadratmetr təşkil etdiyi halda, bu göstərici 2005-ci ildə 1583 min kvadratmetr 2015-ci ildə 1932 min kvadratmetr, 2020-ci ildə isə 5224 min kvadratmetr təşkil edib”. 

Deputat daha sonra qeyd edib ki, so­vet dövründə istifadəyə verilən yaşayış yerlərində kəndlərin əhəmiyyətli həcminə baxmayaraq, hazırda bu tendensiya ək­sinə çevrilib və bu sahədə artım daha çox şəhərlərin hesabınadır. 1990-cı ildə isti­fadəyə verilən yaşayış sahələrinin 45,5 faizi şəhərlərdə, 54,5 faizi kənd yerində olduğu halda, 2020-ci ildə 90,3 faizi şəhər yerində, 9,7 faizi isə kənd ərazilərində olub. Ölkə üzrə bütün mənzil fondunun ümumi sahəsi son 20 il ərzində 1,6 dəfə artıb. 2003-cü 125 milyon kvadratmetr təşkil edən bütün mənzil fondu, 2022-ci ildə isə 200,7 milyon kvadratmetrə bə­rabər olub. Əhalinin hər nəfərinə düşən mənzil sahəsindəki dinamikanı nəzərdən keçirdikdə, artım 1,4 dəfə olub.

Sosial Tədqiqatlar Mərkəzinin rəhbə­ri, həmçinin bildirib ki, son 10 il ərzində orta hesabla əhalinin hər nəfərinə düşən mənzil və ev sahəsi 17,6 kvadratmetrdən 20 kvadratmetrə çatıb. İqtisadi rayon­lar üzrə bu istiqamətdə ən yüksək artım Abşeron–Xızı, ən az Mil–Muğan iqtisadi rayonları üzrə qeydə alınıb.

Konfransda o da diqqətə çatdırılıb ki, hazırda tikinti sektoru ölkədə məşğulluq yaradan 3-cü sahə kimi xarakterizə olu­nur. İqtisadiyyatın həcminə baxdıqda isə ÜDM-də tikinti sektorunun payında xeyli artım müşahidə edilir. Kiçik və orta bizne­sin də bu sahədə xüsusi çəkisi ötən ilin göstəricilərinə görə, 15 minə çatır. 

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

İqtisadiyyat