ABŞ və Çin arasında çip müharibəsi qızışır

post-img

ABŞ ilə Çin arasında gərgin münasibətlər iqtisadi sektorları da əhatə edir. Son günlər mətbuatda belə xəbərlər dolaşır ki, Çin hökuməti ABŞ-ın yaddaş çiplərinin aparıcı istehsalçılarından biri olan “Micron Technology” şirkətinə qarşı sanksiya tətbiq etməyə hazırlaşır. Aparıcı şirkətinə qarşı münasibəti dəyərləndirən rəsmi Vaşinqton da müttəfiqi Cənubi Koreyanı Çinlə qarşıdurmasında həmrəy olmağa çağırır. ABŞ hökuməti bununla ümid edir ki, şirkətlərini Pekinin təzyiqlərindən qoruya biləcək.

Xarici mətbuat orqanları məlumat verirlər ki, aprelin 2-də Çin Kiberməkan İdarəsi “milli təhlükəsizlik səbəbi ilə” “Micron”a qarşı araşdırmalar aparır. Araşdırmanın rəsmi məqsədi “əsas məlumatların ötürülməsində infrastruktur təchizat zəncirinin təhlükəsizliyini” yoxlamaqdır. Araşdırmanın nəticəsi barədə konkret məlumatlar hələlik yoxdur. Eyni zamanda, rəsmi Pekinin “Micron”a qarşı sanksiya tətbiq edib-etməyəcəyi barədə də rəsmi məlumat verilmir. Bununla belə, “Reuters” agentlitinin məlumatına görə, ABŞ şirkəti auditlə bağlı Çin hakimiyyəti ilə əməkdaşlıq edir.

Bəs rəsmi Vaşinqtonu narahat edən ciddi məqamlar varmı? Statistik rəqəmlər deyir ki, narahatlıq üçün əsaslar kifayət qədərdir. Məsələn, ötən il “Micron” şirkətinin Çin və Honqkonq ərazilərində 30 milyar dollar məbləğində gəlir əldə etdiyi məlumdur. Bu, şirkətin ötən il ərzində əldə etdiyi gəlirin 25 faizinə bərabərdir. Buna görə də, Çin sanksiya tətbiq edərsə, “Micron” ciddi maliyyə itkisilə üzləşəcək. “Financial Times” qəzetinin yazdığına görə, amerikalı məmurlar və biznes nümayəndələri Pekinin addımlarını Çinin ABŞ-ın qabaqcıl yarımkeçiricilərin və onların istehsalı üçün texnologiyaların əldə edilməsini məhdudlaşdırmaq hərəkətlərinə cavabı kimi qiymətləndirirlər. Bundan başqa, “South China Morning Post” qəzeti yazır ki, “Micron” şirkəti ABŞ Prezidenti Co Baydenin 2022-ci ilin avqustunda imzaladığı Çip haqqqında qanunun (ABŞ-da yerli çip istehsalının maliyyələşdirilməsi üçün 52 milyard dollar nəzərdə tutan) əsas lobbiçilərindən biri olmuşdu. 

Mütəxəssislərin fikrincə, nəzəri olaraq Çin “Micron”u qısa zaman ərzində əvəz edəcək şirkət tapa bilər. Ona görə ki, söhbət qabaqcıl çiplərdən getmir. “Micron”nun əsas məhsulları DRAM və NAND yaddaş çipləri, fləş yaddaş, SSD disklər və CMOS kameralardır. Ehtimal olunur ki, “Micro”nu Çinin “Yangtze Memory Technologies Co” şirkəti, həmçinin Cənubi Koreyanın “Samsung Electronics” и “SK Hynix” kompaniyaları əvəz edə bilər. Qeyd edilir ki, koreyalıların Çində çip zavodları fəaliyyət göstərir. Məhz buna görə də, ABŞ Cənubi Koreya hökumətindən “Micron”nun fəaliyyəti dayandırılacağı təqdirdə çip istehsalını artırmamağı xahiş edir. Ancaq “Bloomberg” agentliyi yazır ki, Vaşinqtonun Cənubi Koreyaya müraciəti ABŞ şirkətləri üçün əks nəticə verə bilər. Məsələ ondadır ki, Çində mümkün çip çatışmazlığı “Apple” və “Dell Technologies” kimi şirkətlərə mənfi təsir göstərəcək.

Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, amerikalıların tələbi ondan ibarətdir ki, Çin “Micron”dan ABŞ siyasətinə təsir vasitəsi kimi istifadə edə bilməsin. Bununla belə, aprelin 17-də “Financial Times”  yazmışdı ki, Pekin ABŞ-a, ilk növbədə, yarımkeçiricilər sahəsində sanksiya hücumuna başlamaq niyyətindədir. Hələlik ABŞ Cənubi Koreya ilə danışıqların təfərrüatlarını açıqlamır. Lakin tərəflərin artıq milli və iqtisadi təhlükəsizlik məsələlərində “tarixi irəliləyiş” əldə etdikləri vurğulanır. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsünün sözlərinə görə, “Buraya yarımkeçiricilər sektoruna investisiyaların koordinasiyasına, kritik texnologiyaların qorunmasına və iqtisadi məcburiyyətin aradan qaldırılmasına yönəlmiş səylər daxildir”.

Cənubi Koreya hökumətinin də reaksiyası hələlik məlum deyil. Məlumat verilir ki, rəsmi Seul Çinə münasibətdə sərt mövqe sərgiləyir. Bununla belə, ABŞ-ın iqtisadi təhlükəsizliyini təmin etmək məqsədilə müttəfiqlərini səfərbər etməyə çalışması koreyalıları qıcıqlandırır. Bununla yanaşı, bu cəhdlər heç də həmişə yumşaq olmur. “Financial Times” qəzeti mənbələrinə istinadən yazır ki, ABŞ Ticarət Nazirliyi 2023-cü ildə “Samsung” və “SK Hynix” şirkətlərinə Çinə çip ixrac etmək icazəsini verməyə bilər. Mütəxəssislər bildirirlər ki, Ticarət Nazirliyinin belə bir səlahiyyəti var, çünki bu məhsulların istehsalında ABŞ texnologiyasından istifadə edir).

Xarici mətbuat orqanları yazırlar ki, “Micron” Çin hökumətinin yoxladığı ilk xarici şirkətdir. Ekspertlər hesab edirlər ki, bu araşdırma prosesi Çinin nöqteyi-nəzərindən əvvəllər əldə edilmiş bütün razılaşmalara əməl etməli olan Yaponiya və Cənubi Koreya kimi ölkələr üçün xəbərdarlıq siqnalı kimi qiymətləndirilə bilər. Formal olaraq, Çində bu şirkətə qarşı aparılan istintaqı siyasiləşdirilmiş hesab etmək olmaz, amma praktikada məhz belədir. Hazırda Pekin ona qarşı yanlış addımlar atanların aqibətinin necə olacağını göstərməyə çalışır. Ekspertlərin fikrincə, “Micron”un fəaliyyətinə mümkün qadağa Pekinin Qərb sanksiyalarına cavab planının həyata keçirilməsində ilk addım sayıla bilər. 2022-ci ilin sonunda “Micron” bir sıra nümayəndəliklərini, ilk növbədə Şanxaydakı mikroçip inkişaf mərkəzini bağlamışdı. Bu onu deməyə əsas verir ki, transmilli korporasiyanın sahibləri “Çin bazarını tərk etməli olacaqlarını” başa düşürlər. Mütəxəssislər hesab edirlər ki, Cənubi Koreya şirkətləri həqiqətən “Micron” məhsullarını əvəz etməsələr, o zaman Çin bazarında çip çatışmazlığı yaranacaq. Doğrudur, Çin artıq suveren kiberməkan texnologiyalarına keçməyi keçməyi düşünür. Lakin Pekinin buna tez nail olmayacağı da aydındır. 

Bir sözlə, ABŞ və Çin arasında başlanmış çip müharibələri bütün tərəflərə təsir göstərəcək. Qloballaşmış mühitdə mənfi təsirdən yan keçmək mümkünsüz görünür. Ona görə də, tərəflərin bir-birinə daha çox zərər vurmaq istəyinin sonda bütün dünyaya təsir edəcəyi şübhə doğurmur. Ancaq geosiyasi gərginlik sanksiya yarışında “əyləc” pedalını basmağa imkan vermir.

Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”

İKT