Türkiyənin Antalya şəhərində təşkil edilən güləş üzrə “Zəfər kuboku” başa çatıb.
Ənənəvi turnirin son günündə 5 güləşçimiz fəxri kürsüyə qalxıb.
Sərbəst güləşdə Nihad Süleymanlı (80 kq) və Hakim Tağıyev (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.
Yunan-Roma güləşində isə Zəka Yusubovla (80 kq) Məhəmməd Mustafayev (110 kq) eyni nəticəyə imza atıb. İsfahan Həsənov (80 kq) isə bürünc medala layiq görülüb.
Sərbəst güləş üzrə millimiz ənənəvi turniri 3 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayaraq, 147 xalla komanda hesabında 2-ci yeri tutub. Yunan-Roma güləşi üzrə yığmamız isə 5 qızıl, 2 gümüş və 2 bürünc medalla 169 xal toplayıb və ümumi sıralamada 2-ci pillədə yer alıb.
Qabil YUSİFOĞLU
XQ

