Naxçıvan idmançıları ötən il 201 medal qazanıblar

post-img

Naxçıvan idmancıları 2024-cü ildə ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Bəhreyn, Finlandiya, Monqolustan, Belarus və Bolqarıstanda keçirilən müxtəlif səviyyəli yarışlarda iştirak edərək böyük uğurlara nail olublar. Belə ki, Naxçıvan idmançıları dünya, Avropa, ölkə və beynəlxalq səviyyəli yarışlarda 72-i qızıl, 71-i gümüş, 58-i bürünc olmaqla, ümumilikdə, 201 medal qazanıblar.

Bu sözləri Naxcıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifəsinə müvəqqəti icra edən Məcid Seyidov 2024-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.

Nazir müavini qeyd edib ki, təmsilçilərdən Röya Abdullayeva 17 yaşadək qızlar arasında qrepplinq üzrə Avropa çempionu olan ilk Azərbaycan idmançısı kimi adını tarixə yazdırıb. Fidan Paşayeva həmin qitə birinciliyinin bürünc medalçısı olub. Əli Əsgərov pauerliftinq üzrə Avropa çempionatının qızıl medalçısı və mütləq çempionu olmaqla, daha bir titul əldə edib. Karateçi Xədicə Bayramova XIV Dünya Şotokan çempionatında 8-9 yaşlılar kateqoriyasında 3 qızıl medal qazanmaqla, böyük uğura imza atıb. Ləman Bağırova Naxçıvan cüdosu tarixində 15 yaşadək cüdoçular arasında ölkə çempionu olan ilk qız idmançı adını qazanıb. Boks, atletika, gimnastika, cüdo, karate, voleybol, kikboks və qarışıq döyüş növlərində bir sıra fərdi və kollektiv uğurlar əldə olunub.

XQ

 

İdman