Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatının açılış mərasimi olub

post-img

Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib.

Tədbir Avropa Oyunları Parkında (Dənizkənarı Milli Park) təşkil olunub.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) çempionatın təşkili üçün yüksək səviyyədə hazırlıq gördüyünü bildirib. O, Azərbaycanın bu idman növündə olimpiadada təmsil olunmasının vacibliyini qeyd edib. Nazir “Paris-2024”də kamandan oxatma üzrə yarışlarda ölkəmizi təmsil edən Yaylagül Ramazanovanın göstərdiyi əzmkarlığı yüksək qiymətləndirib.

AKOF-un prezidenti Anar Quliyev isə çempionatın Gənclər və İdman Nazirliyinin 30 illik yubileyinə təsadüf etməsinin əhəmiyyətindən bəhs edib. O, ölkədə kamandan oxatma ilə məşğul olanların sayının artdığını söyləyib. Y.Ramazanovanın “Paris-2024”Olimpiya Oyunlarında çıxışına toxunan federasiya rəhbəri gələcək karyerasında ona uğurlar arzulayıb.

Rəsmi çıxışlardan sonra çempionat açıq elan olunub.

Yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq titulu uğrunda mübarizəyə aparır.

Kişi və qadın idmançılar 16 yaşına qədər yeniyetmələr (30 metr məsafə), 16-18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə) olmaqla üç kateqoriya üzrə bacarıqlarını göstərirlər.

Bu çempionat yalnız ölkənin ən yaxşı oxçularını müəyyən etməklə yanaşı, həm də qədim ənənələri özündə yaşadan oxatma sənətinin inkişafı və qorunmasına töhfə verəcək.

Qeyd edək ki, kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatına avqustun 25-də yekun vurulacaq.

L.SABİRQIZI
XQ

İdman