Eskişehirdə ulu öndərin anım gününə həsr olunmuş şahmat turniri keçirilib

post-img

Türkiyənin Eskişehir şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib. 

 9-10 dekabr tarixində baş tutan yarışda Türkiyənin 16 universitetində təhsil alan 20 azərbaycanlı tələbə iştirak edib.

Turnirin açılış mərasimində çıxış edən Diaspora İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev dünyanın nüfuzlu siyasətçiləri və dövlət xadimləri sırasında özünəməxsus yer tutan Heydər Əliyevin xilaskar missiyasından, ölkəmizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərindən danışıb. Onun bütün sahələrə olduğu kimi, idman sahəsinə də böyük diqqət və qayğı ilə yanaşdığı, Azərbaycanda güclü şahmat məktəbinin təşəkkülü məqsədilə mühüm qərarlar qəbul etdiyi vurğulanıb.

Sonra qrup mərhələsi oyunlarına start verilib. İki gün davam edən gərgin və maraqlı yarışda Kütahya Dumlupınar Universitetinin III kurs tələbəsi İbrahim Seyidov birinci yerə çıxıb. İkinci yeri Cəlal Bayar Universitetinin II kurs tələbəsi Fuad Məmmədli, III yeri 9 Eylül Universitetinin I kurs tələbəsi Gülümşah Ağacan tutub. 9 Eylül Universitetinin magistratura pilləsində təhsil alan Cahangir Mirizadə həvəsləndirici mükafata layiq görülüb.

Qeyd edək ki, turnir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Eskişehir Azərbaycanlılar Dərnəyinin ev sahibliyi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə baş tutub.

Turnir bağlanış mərasimi ilə başa çatıb.

Anar ƏLİ

XQ

İdman