“Sərhədçi” daha bir mötəbər yarışa evsahibliyi edəcək

post-img

Azərbaycan Baskebol Federasiyasından “Xalq qəzeti”nə bildirilib ki, 29 iyul-6 avqust aralığında doğma Bakımızda 18 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatının “C” divizionunun oyunları baş tutacaq. 

Yarışlar öz gözəlliyi ilə göz oxşayan “Sərhədçi” İdman Mərkəzində keçiriləcək. U-18 Avropa çempionatının “C” divizionunda 9 milli komanda A və B qruplarında mübarizə aparacaqlar. A qrupunda qərarlaşmış U-18 millimiz, Malta, Kipr və Moldova seçmələrinə qarşı mübarizə aparacaq. B qrupunda isə Andorra, Lüksemburq, San Marino, Monako və Cəbəllütariq milliləri növbəti mərhələyə vəsiqə qazanmaq üçün yarışacaqlar. 

Məlumat üçün deyək ki, çempionatın açılış oyunu B qrupunda qərarlaşmış Monako və San Marino yığmaları arasında keçiriləcək. Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu sabah saat 20:00-da Malta yığmasına qarşı olacaq. 

Qeyd edək ki, millimizin bütün görüşləri CBC Sport telekanalı vasitəsilə canlı olaraq basketbolsevərlərə təqdim olunacaq. Məlumat üçün bildirək ki, Avropa çempionatının bütün oyunları həm də FİBA-nın rəsmi “youtube” hesabında da canlı yayımlanacaq.

Elçin ABBASOV,
“Xalq qəzeti”



İdman