Elbrus Kərimli Avropa birinciliyində yarımfinala yüksəlib

post-img

Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində dörddəbir final mərhələsinə yekun vurulub. Azərbaycan millisinin üzvü Elbrus Kərimli ardıcıl 3-cü döyüşünü qələbə ilə başa vuraraq yarımfinala yüksəlib. 

Azərbaycan Boks Federasiyasından “Xalq qəzeti”nə bildirilib ki, 54 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçu dörddəbir finalda Mirboran Yıldırımdan (Türkiyə) güclü olub. O, qardaş ölkə təmsilçisinə 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.

Kərimli yarımfinal yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib. Boksçumuz finala gedən yolda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gələcək.

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin yarımfinalında İlkanə Əhmədova (+80 kq) da mübarizə aparacaq. O, rumıniyalı Denisa Manu ilə döyüşəcək.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman