Milli Kitabxanada “Xalq şairi Osman Sarıvəlli - 120” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

post-img

Dekabrın 17-də Milli Kitabxanada  Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində özünəməxsus iz qoyan Xalq şairi Osman Sarıvəllinin anadan olmasının 120 illiyinə həsr olunmuş  “Xalq şairi Osman Sarıvəlli - 120” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

XQ xəbər verir ki, sərigdə şairin seçilmiş əsərləri, şeirləri, poemaları, tərcümələri, ön söz yazdığı, tərtibçi və redaktor olduğu kitablar, sözlərinə bəstələnmiş musiqi notları, həyatı, yaradıcılığı və aşıq sənətinin tədqiqi, poetikası, poeziyası haqqında xatirələr, müxtəlif illərdə çap olunmuş məqalələr topluları və s. ədəbiyyatlar nümayiş olunur.  

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra, təhsilini artırmaq məqsədilə Moskvaya gedib və burada Dövlət Universitetinin filologiya fakültəsində oxuyub.

Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-cü ildə başlayıb. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunub. Onun "Dəmir sətirlərim" adlı birinci kitabı 1934-cü ildə çapdan çıxıb.

Şair ömrünün böyük bir hissəsini poeziyaya həsr edib.  Onun “Bənövşə” (1940), “Şairin hədiyyəsi” (1943), “Gətir, oğlum, gətir” (1943), “Gənclik eşqi” (1946), “Bahar çiçəkləri” (1949), “Yeni dünyanın qapısı” (1950), “İqlimdən-iqlimə” (1963), “Sabahı yaradanlar” (1970), “Hər kim yüz il yaşamasa” (1976) və s. kimi kitabları Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. 

Osman Sarıvəlli  həmçinin xalq yaradıcılığının təbliği, aşıq sənətinin tədqiqi və  tərcüməçiliklə də məşğul olmuş, Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Puşkinin əsərlərini, Sofoklun "Antiqona" faciəsini dilimizə çevirib. 

Şairin fəaliyyəti yüksək qiymətləndirilib və müxtəlif ali orden və mükafatlara layiq görülüb.



Elm